27 Avqust 11:10
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqramın sahibi Pavel Durovun Fransada həbs edilməsinin Rza Zərrab işi ilə müəyyən bənzərliyi var. Və xüsusilə iki məqam müəmmalı olaraq qalır.

1. Durov Bakıda Putinlə niyə görüşmək istəyirdi?

2. O, həbs təhlükəsinin olduğu Fransaya niyə getdi?

Bu müəmmalarla bağlı yalnız ehtimallar irəli sürmək mümkündür.

Teleqram qurucusu Avropada onu gözləyən həbs təhlükəsi qarşısında daha öncə problemlər yaşadığı Rusiya hakimiyyəti ilə anlaşmaq və təhlükəsizlik zəmanətini birbaşa Putindən almaq istəyə bilərdi. Ukraynada Rusiya hərbçilərinin Teleqram kanalı üzərindən geniş əlaqə qurması faktı Durovda Kremlin onunla anlaşacağına dair əminlik yaratmış ola bilərdi. Putinin Durovu qəbul etməməsi onu B planına – Qərblə anlaşmağa sürükləyən amil ola bilər. Durovun Avropada həbs olunacağını bildiyi halda, “Fransaya niyə uçdu” sualına ehtimal olunan cavab budur.

Və burada vaxtilə İran sanksiyalarının “dəlinməsində” aktiv iştirak edən Rza Zərrabın işi ilə müəyyən oxşarlıq mövcuddur. Zərrab həbs təhlükəsinə rəğmən, ABŞ-a getdi və Vaşinqton ondan həm Türkiyəyə, həm İrana qarşı istifadə etdi. Sonda Zərrabın azadlığa buraxılması onun ABŞ-a “təslim olmasının” əslində anlaşma olduğu ehtimalını ön plana çıxardı. İstisna deyil ki, Durovun həbs olunacağı Fransaya uçması “anlaşmaq istəyindən” qaynaqlana bilər. Özünü və sərvətini qorumaq, qarşılığında istədiklərini vermək. Məlumatlardan aydın olur ki, Durova qarşı irəli sürülən ittihamların biri “İstintaq üçün zəruri olan məlumat və ya sənədləri təqdim etməkdən imtina”dır. Bu, Qərb kəşfiyyat orqanlarının Durovdan nə istədiyinə dair müəyyən fikirlər formalaşdırır, misal üçün, Rusiyanın Ukraynadakı hərbçiləri haqda məlumatlar tələb edə bilərlər və s.

Bunlar ehtimallardır və proseslərin gedişində müəmmalara müəyyən aydınlıq gəlməsi gözləntisi var. Lakin Fransanın Durovu uzun müddət həbsdə saxlayacağı gözləntisi azdır, əsas məsələ ondan nə istədikləridir.

Baş verənlər Qərb və Rusiya arasındakı qarşıdurmada yeni cəbhənin açılması fikrini də gücləndirir. Bu, sosial mediaya nəzarət uğrunda mübarizədir.


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər