“Bir Millət, İki Dövlət” məfkurəsi ilə qol-qola, çiyin-çiyinə yeriyən Azərbaycan və Türkiyə arasındakı işbirliyinin enerjidəki əyani yansıması olaraq qəbul edilən Trans Anadolu Təbii Qaz Boru Xəttinin təməl atma mərasimi Qarsda konsertlərlə qeyd edilib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın tanınmış sənətçilərı Azərin, Samir Piriyev, Natiq Ritm Qrupu və Türkiyəli məşhur müğənni Kıraç Qarsda möhtəşəm konsert verib. İsmayıl Aydəmir idman salonunda pulsuz gerçəkləşdirilən xalq konsertini təxminən 4500 qarslı izləyib.
Konsertdən əvvəl qarslıları salamlayan SOCAR Türkiyə Baş icraçı direktoru Kənan Yavuz çıxış edərək bildirib ki, Türk tarixinin ən böyük layihəsi olan TANAP, Bakıda yatan şəhidlərimizi Çanaqqalada yatan şəhidlərimizlə bir araya gətirəcək: “Bu layihə ilə Bakıda yatan 1130 nəfər Türk şəhidi, Çanaqqalada yatan yüz minlərlə şəhidimizə salam yetirəcək. Bakı fatehi Nuri Paşa, Çanaqqalanın fatehi Mustafa Kamal Paşaya salam göndərəcək”.
Qars Bələdiyyə sədri Murtaza Karaçanta da söylədiyi qısa nitqində, “TANAP layihəsi Xəzərdən Çanaqqalaya qədər uzanır. Bu önəmli layihənin təməl atma mərasimini Qarsda keçirmələri bizlər üçün böyük bir qürurdur. SOCAR-dan bu cür layihələrin davamını gözləyirik” deyib.
Xatırladaq ki, SOCAR-ın Türkiyədəki ən böyük investisiyası olan, Türkiyəyə “enerji dəhlizi” mövqeyini qazandıracaq və 20 vilayətdən keçərək Avropaya enerji nəql edəcək Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsinin təməl atma mərasimi bu gün -17 martda Qarsın Səlim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin iştirak etdiyi bir mərasimlə qeyd ediləcək. Mərasim, yerli və əcnəbi olmaqla bir çox qonaq tərəfindən izləniləcək. Hazırlıqların son sürətlə davam etdiyi Qars, başdan-başa iki ölkə bayraqları ilə bəzədilib. Bu coşğunu paylaşmaq üçün şəhərdə xalq konserti təşkil edildi. Mərasimdən öncə gerçəkləşən konsertlərdə iki ölkə sənətçiləri ən gözəl Türk və Azərbaycan mahnılarını qarslılarla birlikdə səsləndirib.
AZAD