Azərbaycan ərazilərinə qanunsuz səfər edən slovakiyalı siyasətçi barəsində həbs qətimkan tədbiri seçilib, axtarış elan olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Teleqraf.com-a daxil olan birgə məlumatında qeyd olunur ki, Slovakiya vətəndaşı Frantişek Mikloşkonun (František Mikloško) Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərə xarici ölkə vətəndaşlarının səfərlərini təşkil etməsi, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, F.Mikloşko Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə razılaşdırmadan icazəsiz Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, həmin ərazilərdə keçirilən qondarma seçkilərdə “müşahidəçi” kimi iştirak edib və etnik və dini zəmində millətlərarası nifaqı qızışdıran hərəkətlər edib. Bu şəxs qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə Yerevan şəhərində keçirdiyi mətbuat konfransında “qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur” deyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. O, həmçinin qondarma rejim barədə “müstəqil dövlət kimi qəbul olunmalıdır”, “bizim üçün müstəqil dövlətdir” kimi müraciətlərlə çıxış edib.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından F.Mikloşko Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.
Təqsirləndirilən şəxs F.Mikloşkonun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi məqsədilə axtarış qərarının icrası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və “İnterpol”un Milli Mərkəzi Bürosuna həvalə edilib.
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, barəsində cinayət təqibi aparılan şəxsin vətəndaşı olduğu Slovakiya Respublikasına bu barədə diplomatik kanallarla məlumat verilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, F.Mikloşko 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.