28 Aprel 2015 12:36
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin birinci rübündə Azərbaycanda istehsalat prosesində bədbəxt hadisələr ötən ilin analoji dövrü ilə müqayisədə 40 faiz azalıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bu ilin ilk rübündə istehsalat prosesində 33 bədbəxt hadisə olub.

“Ölənlərin sayı 50 faizə – 8 nəfərə qədər azalıb, xəsarət alanların sayı isə 49 faizə – 25 nəfərə qədər azalıb. Həmçinin ötən ilin ilk rübündə 10 iri bədbəxt hadisə qeydə alınıb. Bu il isə belə hadisə müşahidə olunmayıb”, – deyə nazir qeyd edib.

S.Müslümov bildirib ki, ötən il bədbəxt hadisələr daha çox tikinti sahəsində qeydə alınıb ki, bu, sözügedən sektorda hələ də əmək təhlükəsizliyi ilə bağlı problemlərin olduğunu göstərir.

"2014-cü ildə zərərçəkənlərin 26, ölənlərin 31 faizi inşaat sektorunda çalışanlar olub. İnşaat müəssisələrində aparılan yoxlamalar zamanı müəyyən olunub ki, əksər hallarda müəssisə əməkdaşları lazımi təhlükəsizlik tədbirləri, əməyin qorunması və texniki təhlükəsizlik şəraiti ilə təmin olunmurlar. Lazımi avadanlıq və vasitələrlə təminat məsələsində hələ də ciddi problemlər var", - deyə nazir söyləyib.

Onun sözlərinə görə, ötən il yoxlamalar nəticəsində 12 tikinti şirkəti və 4 karxanada işlər dayandırılıb.

Nazir bildirib ki, dünyada istehsalat prosesi zamanı hər 15 saniyədən bir 153 bədbəxt hadisə baş verir və istehsalatda 1 işçi ölür.


Müəllif:

Oxşar xəbərlər