Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bəzi normativ aktlara dair məsələ müzakirəyə çıxarılıb.
İclasda siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi barədə Təlimat qəbul edilib. Təlimatın qəbulu seçki qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlıdır. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, siyasi partiyalar MSK-ya illik maliyyə hesabatlarını təqdim etməlidirlər və MSK bu hesabatların qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır: “Siyasi partiyaların maliyyə hesabatlarını MSK-nın nəzdində yaradılmış sektor araşdıracaq. Seçki dövründə bu məsələni Nəzarət-Təftiş Xidməti də araşdıracaq”.
MSK-nın iclasında siyasi partiyaların maliyyə hesabatı ilə bağlı yaradılmış iki strukturun MSK Katibliyinin Əsasnaməsinə daxil edilməsi də təsdiqlənib.
MSK Milli Məclisə seçkilərdə vətəndaşların öz təşəbbüsü və təşəbbüs qrupları vasitəsilə deputatlığa namizədliyinin irəli sürülməsi, parlament seçkilərində imza vərəqələrinin verilməsi ilə bağlı təlimatlara da dəyişiklik edib.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov isə Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin başa çatmaq üzrə olduğunu bildirib. M.Pənahov qeyd edib ki, bu ayın axırına qədər ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsinə yekun vurulmalıdır. İclasda artıq dairə seçki komissiyalarının 90 faizinin dairələr üzrə dəqiqləşdirilmiş seçici siyahılarını MSK-ya təqdim etdiyi bildirilib.
M.Pənahovun sözlərinə görə, əsas məsələ odur ki, seçkidə iştirak edən seçicilər problemlə üzləşməsin: “Azərbaycanda vətəndaşın səsvermə hüququnun qarşısını kəsən heç bir maneə yoxdur, vətəndaşların səs verməsi üçün son mərhələdə də şərait yaradılır. Buna baxmayaraq, seçici siyahılarının dəqiqləşdirilməsi davam etməlidir”.
Səxavət