Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı həmkarı İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, təbrikdə deyilir: "Zati-aliləri, Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı öz dövlətçiliyinin qorunması naminə çox sınaqlara sinə gələn və uğurlu, sabit və müstəqil dövlətini yaradıb. Bu gün biz aydın görürük ki, ölkəniz tərəqqi ilə irəliləyir. Mən qətiyyətlə inanıram ki, sizin prezidentliyiniz dövründə biz gələcəkdə Azərbaycan Respublikasının daha böyük uğurlarının və inkişafının şahidi olacağıq. Ölkələrimiz arasında sıx tarixi əlaqələri nəzərə alaraq, mən ümid edirəm ki, biz birlikdə gələcəkdə Gürcüstan və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. Bu dostluğun xalqlarımızın rifahı naminə davam edəcəyinə əminəm.
Mən fürsətdən istifadə edib Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyinizə görə sizə bir daha təşəkkürümü bildirirəm.
Zati-aliləri, icazə verin, dost Azərbaycan xalqına dərin hörmət və ən xoş arzularımı bildirim", deyə təbrikdə bildirilib.