Avropa Birliyinin qanunverici orqanı olan Avropa Parlamenti haqda fikirlər birmənalı deyil. Qərb mətbuatının özündə bu qurumun korrupsiyaya bulaşdığı barədə iddialar dəfələrlə səsləndirilib və faktlar açıqlanıb.
Almaniyanın “Der Spigel” nəşri Avropa Parlamentinin fəaliyyəti haqda növbəti korrupsiya faktlarını dərc edib.
“Friend of the Earth Europe”, “Corporate Europe Observatory” və “LobbyControl” QHT-ləri Avropa Birliyi səviyyəsində lobbi fəaliyyətini bir neçə il araşdırıb və daim yeni faktlar üzə çıxıb.
Belə ki, Avropa Parlamentinin bir çox üzvü davranış kodeksinin əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olublar. Avropa Parlamentinin bir sıra deputatları 2011-ci ilin martında etiraf ediblər ki, onlar böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bunun işləyəcəyi haqda suallar hələ də açıq qalır.
“LobbyControl”un alman eksperti Nina Katsemix yeni davranış kodeksinin kifayət qədər tətbiq edilməməsindən narahatdır.
“Der Spigel” avrodeputatların korrupsiya fəaliyyəti haqda konkret nümunələr gətirir.
Birinci fakt: Birgit Kollin Langen Xristian Demokratik İttifaqının deputatı kimi 2012-ci ildə Brüsselə yollanmadan əvvəl - 16 il ərzində Bingen-na-Reyn şəhərinin meri olub. Hazırda Avropa Parlamentində iqlim məsələləri üzrə qərarların qəbul olunduğu ətraf mühitin qorunması komitəsinin üzvü olan Kollin Langen RWE (Avropada karbon qazı tullantıları üzrə ikinci böyük müəssisə) energetik konsernin Məsləhət Şurasında da öz yerini qoruyub saxlayıb.
Komitə 2015-ci ilin yanvarında karbon qazı tullantılarının ticarətdə sabitləşdirilmiş ehtiyat bazarının yaradılması haqda qanuna dəyişiklik edərkən, Kollin Langen bir neçə ərizə təqdim edib. Bura çirklənməyə görə, pulsuz hüququn əldə edilməsi də daxildir. Bu mövqe tamamilə RWE konsernin xəttinə uyğun gəlirdi. Lakin deputat burada heç bir mübahisəli maraqların olmadığını bildirərək ittihamları rədd edir.
Onun sözlərinə görə, RWE-də üzvlük Birgit Kollin Langenə ildə ən azı 6000 avro gətirir.
İkinci fakt: Gi Verhofstadt 2009-cu ildə Avropa Parlamentinin üzvü seçilənə qədər 9 il ərzində Belçikada baş nazir vəzifəsində çalışıb. Avropanın liberallar və demokratlar alyansı fraksiyası və konstitusiya məsələləri üzrə komitəsinin üzvü kimi, 62 yaşlı deputat Avropa Birliyi səviyyəsində təsir gücünə malikdir.
Verhofstadtın ikinci fəaliyyət növü kimi 9 yer göstərilir. 2013-cü ilin maliyyə hesabatına əsasən, Belçikanın “Sofina” investisiya kompaniyası Verhofstadtın hesabına 130 min 500 avro köçürüb. Hollandiyanın APG sığorta konserni 2012-ci ildə təxminən 43 min avro, Belçikanın “Exmar” gəmiqayırma şirkəti isə 2013-cü ildə keçmiş baş nazirə 60 min avro ödəyib.
Verhofsdtat da digər həmkarı kimi irəli sürülən ittihamları qəbul etmək istəmir.
“Der Spigel” yazır ki, Avropa Parlamenti deputatların ikinci məşğulluğunun təsiri altına düşür. Məhz lobbiçilik adı altında böyük korrupsiya faktları davranış kodeksinin kəskinləşdirilməsi məsələsini gündəmə gətirir.
“Deputatlar böyük korporasiyaların Brüsseldə lobbiçiləri kimi çıxış edirlər. Bu qadağan olunmalıdır”, - deyə N. Katsemix qeyd edib.
Bu faktlar Avropa Parlamentinin hansı meyarlarla işlədiyini açıq şəkildə göstərir. Bu, eyni zamanda, Avropa Parlamentində pul qarşılığında yalnız iri korporasiyaların maraqlarını müdafiə edən qanunların deyil, siyasi qərarların da qəbul edildiyini sübut edir.
Beləliklə, ötən ilin sentyabrında Azərbaycanla bağlı qəbul olunan qondarma qətnamə, həmçinin indiyə kimi anti-Azərbaycan qərarlarının arxasında konkret dövlətlər və siyasi dairələrin dayandığı ortaya çıxır. Cari ilin 10 iyun tarixində Avropa Parlamentinin Azərbaycanla bağlı keçirdiyi dinləmələrin erməni lobbisi tərəfindən sifariş olunduğu barədə səsləndirilən iddialar da yuxarıda qeyd etdiyimiz faktlarla öz təsdiqini tapır.