Oktyabrın 5-də "Baku Bus" MMC-nin 6 və 8 saylı marşrut avtobuslarının fəaliyyətə başlaması ilə əlaqədar bəzi marşrut avtobuslarının istiqamətlərində də dəyişiklik edilib.
"Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili" MMC-dən verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, artıq yeni dəyişikliyə görə, Azadlıq prospektindən 28 May metrostansiyasına kimi gedəcək.
Həmçinin 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal-İçərişəhər metrosu - 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan İçərişəhər metrosuna kimi hərəkət edəcək.
13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.
Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon-Həsən Əliyev küçəsi-Tbilisi prospekti-Elmlər Akademiyası metrosu istiqamətində işləyirdi. İndi bu marşrut xəttini "Baku Bus" MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib.
Bu addım sahibkarları "zəngin" etmək üçün atılırsa...
Marşrut xətlərinin dəyişdirilməsi bəzi sərnişinlərin mənzil başına çatmasını çətinləşdirib. Yeni qrafikə görə, şəhərin bir yerindən digərinə getmək üçün 2, bəzi hallarda isə 3 marşrutdan istifadə eləmək lazım gəlir.
"Digesta" firmasının rəhbəri Ərşad Hüseynov deyir ki, şəhər ərazisində marşrut avtobuslarının qrafikini tez-tez dəyişdirmək düzgün deyil: "Bəzən belə bir təəssürat yaranır ki, bu dəyişikliklər paytaxtda hərəkət edən marşrut xətlərini tənzimləmək üçün yox, sahibkarların cibini doldurmaq üçün aparılır. Fikrimcə, Bakıda nəqliyyat problemi yaşandığı bir vaxtda problemi bu şəkildə həll etmək doğru qərar sayıla bilməz. Bu, əsassız dəyişiklikdir. Əgər bu addımlar sahibkarları "zəngin etmək" üçün atılırsa, bunun qarşısı alınmalıdır.
Yeni qrafik sərnişinlərin mənzil başına çatanadək daha çox marşrutdan istifadəsinə, nəticədə daha çox pul xərcləməsinə səbəb olur. Marşrut sxemləri dəyişə bilər, amma ayda bir dəfə qrafik dəyişə bilməz".
Həmin vaxtda Bakıdan Şamaxıya getmək olar
Ekspert Azər Allahverənovun sözlərinə görə, müvafiq qurumlar Bakıda nəqliyyatın qrafiki ilə bağlı müəyyən islahatlar həyata keçirirlər: "Bu islahatlar I Avropa Oyunları zamanı başlayıb, davam edir və böyük ehtimalla gələcəkdə də davam edəcək. Bildiyiniz kimi, "Baku-Bus" MMC fəaliyyətə başlayıb. Digər şirkətlərin də öz marşrutları, qrafikləri var ki, bəzən xətlər təkrarlanır və problemlər yaranır.
Şəhərin müxtəlif istiqamətində yaşayan insanların gedəcəyi ərazi üzrə şərait yaradılmalıdır ki, vətəndaş 20 qəpiyini ödəməklə şəhərin bir tərəfindən digər tərəfinə gəlib çıxa bilsin. Məsələn, Zığ şosesi əhalinin sıx yaşadığı ərazidir. Yeni dəyişikliyə görə, vətəndaşlar şəhərin mərkəzinə gəlmək üçün əziyyət çəkir. Çünki həmin ərazidən şəhərin mərkəzinə gəlmək üçün 3 marşrut dəyişmək lazımdır. Bu halda gəliş-gediş 1 manat 20 qəpik pul edir. İnsanlar, xüsusi ilə tələbələr hər gün 1 manat 20 qəpiyi haradan əldə etməlidir?
Digər tərəfdən, bu, vaxt itkisinə də səbəb olur. Məsələn, bu qrafiklə insanlar 1 saat yarıma şəhərdən kənara çıxa bilərlər. Halbuki həmin vaxta Şamaxıya və yaxud digər rayona getmək olar. Bu, çox ciddi məsələdir".
Vətəndaşların problemləri nəzərə alınmalıdır
Azər Allahverənov deyir ki, marşrut qrafiklərində dəyişiklik aparanda paytaxt sakinlərinin maraqları nəzərə alınmalıdır: "Vətəndaşlar əlaqədar qurumları tənqid etməkdə haqlıdırlar. Çünki bu cür dəyişikliklər pul və vaxt itkisinə, eləcə də, psixoloji stressə gətirib çıxarır. İstənilən islahat vətəndaşların maraqlarına zidd olmamalıdır, xüsusi ilə ictimai nəqliyyat sektorunda.
Sərnişindaşımada uzun müddət davam edən və ya tez-tez dəyişən islahatlar aparılmamalıdır. Qərar qəbulundan öncə düşünülməlidir ki, hər hansı bir marşrut bağlanırsa, həmin marşrut üzrə alternativ variant necə olacaq... Marşrutun bağlanması ilə insanlar əziyyətə düşəcəklərsə, bu cür dəyişikliyə qərar vermək düzgün deyil.
Aparılan dəyişikliklərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və başqa bu kimi cavabdeh qurumlar var. Onlar çoxsaylı insanların marağına toxunan məsələlərdə ehtiyatlı olmalıdırlar. Marşrut xətləri elə təşkil olunmalııdr ki, uzun müddət dəyişməz qalsın. Çünki insanlar marşrutlara vərdiş edir, dayanacaqlardakı ünvanları yaddaşına köçürür, sxem dəyişdikdə gərginlik keçirirlər. Bu isə əsəbi mühit yaradır".
İlhamə