24 Oktyabr 2015 00:22
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Aşura qeyd olunur. APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvaslna əsasən, Hicri-qəməri təqvimi ilə yeni Hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edib.

Məhərrəm ayının 10-u - Aşura günü isə 2015-ci il oktyabr ayının 24-nə - bu günə düşür.
Fətvada deyilir ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.
"Son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər", - deyə fətvada qeyd olunur.
Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq.
Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:
Bakı şəhəri:
1. Yasamal rayonu - Təzəpir məscidi;
2. Yasamal rayonu - Hacı Soltanəli məscidi;
3. Səbail rayonu - Bibiheybət məscidi;
4. Səbail rayonu - İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu - Qaraçuxur məscidi;
6. Xəzər rayonu - Mir Mövsüm ağa məscidi;
7. Nizami rayonu - Keşlə qəsəbə məscidi;
8. Nəsimi rayonu - Əjdərbəy məscidi
9. Sumqayıt şəhəri - Cümə məscidi;
10. Gəncə şəhəri - İmamzadə məscidi;
11. Mingəçevir şəhəri - “Heydər məscidi;
12. Şəki şəhəri - Cümə məscidi;
13. Lənkəran şəhəri - Böyükbazar məscidi;
14. Bərdə şəhəri - Cümə məscidi;
QMİ onu da bildirib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

Müəllif:

Oxşar xəbərlər