Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb.
ASA-da Teleqraf.com-a verilən məlumata görə, Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.
STM-də təşkil ediləcək ilk tədris proqramı bir qədər əvvəl, 15 oktyabr 2015-ci il tarixində təqdimatı keçirilmiş sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramıdır.
“PSS” Proqramı Azərbaycan Sığortaçılar Assosiasiyası Tədris Mərkəzinin nəzdində təşkil olunacaq və 3 moduldan ibarət olacaqdır. ARPA tərəfindən təşkil olunan imtahanlarda uğur qazanan sığortaçılara “PSS” proqramı üzrə sertifikat təqdim olunacaqdır. Sertifikatların Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərədindən tanınması nəzərdə tutulub.
Qeyd edək ki, “PSS” proqramında dərs vəsaiti kimi, dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”-un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunan Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabı istifadə olunacaq.
Naibə QURBANOVA