Bu gün baş prokuror Zakir Qaralov Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Teleqraf.com xəbər verir ki, Zakir Qaralov Xaçmaz rayon prokurorluğunun inzibati binasında, Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Göstərilənlərlə yanaşı, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
Hacı Zeynalov