Fazil Məmmədov: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə aqrar sahə inkişaf etdirilməli, daxili istehsal artırılmalıdır”
Vergilər naziri Fazil Məmmədov fevral ayının 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.
Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb.
O, iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi vəziyyətdən zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Nazir yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial vardır. Rayonda iqtisadi inkişafı təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində işlər görülür. Bununla belə, İsmayıllının perspektiv inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi zəruridir. Rayonda müasir sənaye müəssisələrinin, yeni sahibkarlıq subyektləriin açılması, investorların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində səyləri artırmaq lazımdır.
Nazir 2015-ci ildə rayonda 720 yeni iş yerinin, o cümlədən 495 daimi iş yerinin açıldığını, 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşasının başa çatdırılacağının təqdirəlayiq olduğunu vurğulayıb.
Fazil Məmmədov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə aqrar sahə daha da inkişaf etdirilməli, daxili istehsal artırılmalıdır. Bu baxımdan İsmayıllıda da kənd təsərüfatının inkişafının böyük perspektivləri vardır: “BMT-nin İnkişaf Proqramı və Avropa Birliyinin dəstəyi ilə rayonda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı iki layihə həyata keçirilir. Bu layihələr çərçivəsində İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Sumağallı, Diyallı, Yeniyol, Çəmənli kəndlərində istixanalar yaradılmış və yüksək keyfiyyətli tərəvəz məhsulları istehsal edilməkdədir. 2015-ci ildə rayonda 50-dən çox təsərrüfatda istixana sahələri yaradılıb və gələcəkdə onların sayının 100-ə çatdırılması nəzərdə tutulur. Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq komleksində inşaat işləri davam etdirilir. Rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaq”.
İsmayıllının böyük taxılçılıq rayonu hesab olunduğunu vurğulayan Fazil Məmmədov rayon üzrə məhsul istehsalının əvvəlki illə müqayisədə 20 faizədək artaraq 100 min tondan yuxarı olmasını müsbət qiymətləndirib. İsmayıllının tarixən böyük üzümçülük ənənələrinə malik olduğunu xatırladan nazir bu sahənin böyük gəlir gətirən və əmək tutumlu sahə hesab olunduğunu, onun inkişaf etdirilməsinin rayon iqtisadiyyatına böyük gəlirlər gətirəcəyini və yeni iş yerləri yaradacağını qeyd edib. Fazil Məmmədov hazırda ümumi sahəsi 1000 hektara yaxın olan üzüm plantasiyalarının gələcəkdə genişləndirilməsi, onunla bağlı emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasının zəruri olduğunu vurğulayıb.
İsmayıllının İvanovka kəndinin Nikitin adına kolxozunun bazasında aqroparkın yaradılması məsələsinə toxunan nazir bu işin 2016-cı ildə başa çatdırılması üçün imkanların mövcud olduğunu qeyd edib.
İsmayıllının Azərbaycanın əsas turizm istiqamətlərinə daxil olan bölgələri sırasında olduğunu diqqətə çatdıran Fazil Məmmədov bu sahədə rayonun böyük potensiala malik olduğunu, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi sahələrinin inkişafına sərmayə cəlb edilməsi istiqamətində səyləri artırmağın vacibliyini vurğulayıb.
Fazil Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb.
Vergilər naziri İsmayıllı rayonunun dövlət büdcəsinin dotasiyasından asılılığının azaldılmasının vacibliyini də vurğulayıb.
Naibə QURBANOVA