Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi davam edir.
Teleqraf.com xəbər verir ki, deputat Əli Məsimli qeyd edib ki, iqtisadi fəallığın artırılması inflyasiyaya təsir edə bilər: “Odur ki, Mərkəzi Bank bu haqda düşünməlidir. Büdcə parlamentə təqdim edilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən 5 % lüzumsuz xərcləri aradan qaldırılmalı idi. Hesab edirəm ki, belə büdcənin reallaşdırılması iqtisadi fəallağı artırmaq baxımından əhəmiyyət kəsb edəcək”.
Deputat Musa Quliyev deyib ki, büdcəyə dəyişikliklər günün tələblərindən irəli gəlir: “Bu mükəmməl layihədir. Hesablama Palatası bizə obyektiv və geniş rəy təqdim edib. Büdcədə artım var. Bunun böyük hissəsi Dövlət Neft Fondundan transferlər hesabınadır. Vergilər və gömrük xətti ilə də əlavə vergilər yığılacaq. Mən bilmirəm bu hansı vasitə ilə yığılacaq. Ancaq hesab edirəm ki, bu heç bir halda sahibkarlara ziyan verməməlidir. Dərman vasitələri vergidən azad idi, amma indi bu yenidən tətbiq edilir. Süni ürək və oynaq qapaqları var ki, bunlara əlavə 16 % vergi tətbiq edilir. Bu son anda vətəndaşın cibindən çıxır. Bəlkə belə əməliyyatlarda istifadə edilən ləvazimatları, ümumiyyətlə, dərman vasitələrini əlavə vergidən azad edək. Bizim imkanlarımız var bunu etməyə. Bəlkə bunu mərhələ-mərhələ edək və ya vergidə 50 % güzəştə gedək”.
Deputat Vahid Əhmədov isə deyib ki, tez gəlir gətirən sahələrə diqqət artırılmalıdır. Deputat qeyd edib ki, xüsusilə kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılmalıdır: “Bu sahənin inkişafına ayrılan vəsaitlər artrılmalıdır. Çünki bu sahədə problemlər kifayət qədər çoxdur. Problemlər daha çox suvarma və meliorasiya sahəsində müşahidə olunur. Həmçinin kiçik və orta sahibkarlara problemlər yaradılmamalıdır. Bu sahələrin inkişafı əhalinin gəlirlərinə müsbət təsir göstərəcək”.
Nemət