25 Fevral 2016 10:26
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il ötür. Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı 26 fevral - Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-şi isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb. 24 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Şübhəsiz ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını yaşamışam. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir. XX əsrdə Xocalı üç dəfə - 1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən üç minə qədər insan yaşayırdı”.

Teleqraf.com xəbər verir ki, bunu Xocalı rayonunun sabiq icra başçısı, hazırda millət vəkili olanElman Məmmədov deyib.

Deputat qeyd edib ki, ermənilər tərəfindən Xocalının işğalının çox ciddi səbəbləri var idi: “Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xocalıya qədər Ağdamdır. Ağdamdan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 kilometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı boyunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qarşısında cəbhə xətti yaratmışdılar. Xocalıdan 10 kilometr qərbə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı-Ağdam-Laçın-Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qarabağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalıdan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmışdıq ki, istədiyimiz vaxt bu yolları bağlayırdıq”.

Xocalının sabiq icra başçısı deyib ki, hadisənin baş verdiyi dövrlərdə respublikamızda ictimai-siyasi sabitlik pozulmuşdu, dövlət rəhbərliyi cəbhə bölglərinə kömək etmirdi, bir tərəfdən də müxalifət qüvvələri hakimiyyətə can atırdı. Yəni hakimiyyət uğrunda mübarizə nəticəsində torpaqlarımızın müdafiəsinə lazımi diqqət yetirilmirdi. Bundan istifadə edən ermənilər isə torpaqlarımızı işğal edirdi. Xocalı hadisəsi isə insanlığın tarixinə bir qara ləkədir. Dinc insanları, günahsız uşaqları, qocaları, qadınları vəhşiliklə qətlə yetirmək bəşər tarixində misli görünməmiş cinayətdir. Bu qətliamı törədənlər isə Ermənistan dövlətinin rəhbərləridir, onlar hələ də cəzasızdırlar. Dünya ictimaiyyətinin bu acı həqiqəti sükutla qarşılaması təəssüf doğurur. İnsanlıq tələb edir ki, bu qatillər layiq olduqları cəzaları almalıdırlar”.

Elman Məmmədov sonda qeyd edib ki, son zamanlar Xocalı həqiqətlərinin dünyada tanıdılması, bu faciənin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb: “Hər il faciə ilə əlaqədar Azərbaycanın bütün regionlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu faciə zamanı həyatını itirmiş insanların xatirəsi yad edilir. Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanınması istiqamətində mühüm addımlar atır. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər, diaspor təşkilatlarımızın fəaliyyəti nəticəsində dünyanın 10-a yaxın dövləti, eləcə də ABŞ-ın 20 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımı pisləyən qətnamə qəbul edib”.

Nemət


Müəllif:

Oxşar xəbərlər