12 Mart 2016 15:39
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrailin səsi” dövlət radiostansiyası bu ölkənin sakinləri arasında çox populyar olan “Günün aktual hadisələri” adlı səhər verilişində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş IV Qlobal Bakı Forumunu geniş şərh edib.

AZƏRTAC xəbər verir ki, İsrail radiosunun aparıcısı Yuliya Tsodeksin suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. A.Qut qeyd edib ki, dünya intellektual elitası - siyasətçilər, indiki və sabiq dövlət başçıları, alimlər, politoloqlar, vətəndaş cəmiyyətinin nümayəndələri üçün real görüş məkanı olan Qlobal Bakı Forumu çox mühüm beynəlxalq tədbirdir. İsrailli ekspert vurğulayıb: “Bu Foruma gələn nüfuzlu ictimai xadimlərin, dünya liderlərinin sayı ilbəil artır. Bu gün dünyada ikinci elə bir intellektual məkan yoxdur ki, orada dünyanın 53 ölkəsindən siyasi, elmi və intellektual elitanın nümayəndələri görüşərək dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən məsələləri - münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin edilməsi kimi problemləri müzakirə etsinlər”.

Arye Qutun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Forumda parlaq çıxışı konkret və yaddaqalan olub. Azərbaycan Prezidenti deyib: “Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Biz çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı – bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər... Biz hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq... Hər bir əməl, addım və ya digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır”.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub”.

Ekspert qeyd edib ki, Azərbaycan prezidenti bu qlobal forum çərçivəsində İsrailin sabiq baş naziri Ehud Barak və İsrail XİN-in keçmiş rəhbəri Tsipi Livni ilə görüşüb. Bu fakt bir daha təsdiq edir ki, İsrail ilə Azərbaycanın münasibətləri çox mühüm pozitiv və strateji xarakter daşıyır. İsrailli ekspert vurğulayıb: “Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, bu ölkələr arasında ticarət dövriyyəsinin həcmi dörd milyard dollara yaxındır. Əvvəllər bu dövriyyə neft və qaz sənayesi üzərində cəmləşib. İndi isə bu qarşılıqlı münasibətlərin inkişafı şaxələnərək iqtisadiyyatın başqa sektorlarını da əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan və onun qərbli tərəfdaşları “Cənub” Qaz Dəhlizini təşkil edən boru kəmərləri şəbəkəsinin tikintisinə başlayıblar. Bu kəmər vasitəsilə Azərbaycanın böyük həcmdə qaz ehtiyatları Avropaya nəql ediləcək. Yaxın illərdə İsrail qaz hasil etməyə başlayacaq və çox güman ki, İsrailin “Cənub” Qaz Dəhlizi layihəsinə, o cümlədən TANAP layihəsinə qoşulması məsələsi nəzərdən keçiriləcək.


Arye Qut qeyd edib ki, Azərbaycanın paytaxtı Bakı beynəlxalq humanitar əməkdaşlıq məkanına çevrilib. “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut çıxışının sonunda deyib: “Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasəti, bu ideyanın populyarlaşması Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin qorunub saxlanmasına yönəlmiş strategiyanı əks etdirir. Bu siyasət müasir və güclü Azərbaycanın möhtəşəm modeli nümunəsində daha da inkişaf etdirilir və dünyada təbliğ olunur. Ermənistanla gərgin və qanlı ərazi münaqişəsinə, ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, ikili standartlardan əziyyət çəkən, çox mürəkkəb və həssas geosiyasi vəziyyətdə olan Azərbaycan eyni zamanda sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsidir. Bu, Azərbaycan xalqının qədim tarixi köklərə, mədəniyyətə və humanizmə malik olmasını bir daha sübut edir”.


Müəllif:

Oxşar xəbərlər