Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin önündə bu ölkə ordusunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Report-a verilən xəbərə görə, aksiya Paris Azərbaycan Evinin təşkilatçılığı, TEAS-ın dəstəyi ilə baş tutub.
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı zorakılıq törətməsi ilə qane olmayaraq, 9 aprel tarixində Paris küçələrinə zorakılıq gətirməkdən çəkinməyib.
Belə ki, 20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə ) və digər küt alətlərlə silahlanaraq 200-dən artıq azərbaycanlı, Azərbaycanın dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tədbiq ediblər. Bu insanlar Parisdə Ermənistan səfriliyinin qarşısında dinc şəkildə etirazlarını bildirmək üçün toplaşıblar. Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib və hazırda onları kimliyini müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağrılıb.
Parisdə Azərbaycan Evi tərəfindən təşkil edilmiş bu tədbir diaspora və tələbə qrupları ilə yanaşı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən də dəstək alıb. Aksiyada Fransadakı türk diasporasının nümayəndələri də iştirak edib. Etirazçılar “Sarqsyan – müharibə cinayətkarıdır”, “Erməni terrorçuları”, “Ermənilər – Qarabağı tərk edin” və “Xocalıya Ədalət” kimi şüarlar səsləndiriblər. Aksiya zamanı “Qarabağ şikəstəsi” də səslənib.
TEAS-ın direktoru Lionel Zetter etirazçılar qarşısında çıxış edərək bunları deyib:
“Biz beynəlxalq hüquqa inanırıq. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT Baş Assambleyasının 1 qətnaməsi və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 1 qətnaməsi vardır. Bunların hamısı bildirir ki, Dağlıq Qarabağ və yeddi ətrafyanı rayon Azərbaycana məxsusdur. Elə bu həftə AŞPA-nın prezidenti Pedro Agramunt deyib ki, Ermənistan silahlı qüvvələrini işğal olunmuş ərazilərdən dərhal çıxarmalıdır. Əgər Ermənistan silahlı qüvvələri qeyri-qanuni olaraq Azərbaycanın suveren ərazilərini işğal etməsəydi, burada münaqişə olmazdı”.
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva bildirib ki, “biz burada erməni qüvvələrinin yeni hərbi təxribatlarına qarşı etirazımızı bildirmək üçün toplaşmışıq”.
“Bu, elan edilməmiş müharibədir. Burada 1988–94-cü illərdə baş verənlər davam edir. Həmin hərəkətlər Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaranması ilə nəticələnib. Müharibə qurbanları heç vaxt unudulmamalıdır, xüsusilə Xocalı qırğınının 613 qurbanı. Bu günə qədər heç nə dəyişməyib. Biz ədalətə çağırırıq”, - deyə o bildirib.
Daha sonra Mirvari Fətəliyeva şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmağa çağırıb.
Nant Azərbaycan-Fransa Mədəniyyəti Assosiasiyasının (ASAF) prezidenti Toğrul Zeynalov da aksiya keçirilən əraziyə Azərbaycan torpaqlarına qarşı Ermənistanın hərbi təcavüzünə etirazlarını bildirmək üçün toplaşdıqlarını diqqətə çatdırıb.
“Biz Fransada yaşayırıq və Fransa bizim ikinci vətənimizdir. Biz istəyirik ki, Fransa təcavüzə qarşı hərəkət etsin. Yaşasın Fransa, yaşasın Respublika və yaşasın Fransada olan azərbaycanlılar!”.
Etirazçılar tələb edib ki, Fransa üzərinə bu münaqişədə danışıqlar vasitəsi ilə sülhün əldə edilməsi vəzifəsi qoyulan ATƏT-in Minsk Qrupunun həmsədri – Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək üçün beynəlxalq ictimaiyyəti motivasiya etməkdə daha fəal olmalıdır.
Etiraz aksiyasında Fransanın müxtəlif şəhərlərindən -Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pislənib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb edilib.
Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni təcavüzünü pisləyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri-qanunu zəbtinə dair beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu bu haqsızlıqlara biganə olmamağa səsləyən transparantlar tutublar, Qarabağın və zəbt edilmiş digər rayonların qədim Azərbaycan torpağı olduğunu, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsləndiriblər.
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxuyub.
Aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.