9 Oktyabr 2014 10:35
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəsmisi Azərbaycan ərazisinin beşdə birini işğal altında saxlayan Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalayıb. Söhbət Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq Le-Valans şəhərinin dostluğu haqqında bəyannamədən gedir. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən bəyannaməyə ermənilərin Şuşi adı qoyduğu Şuşanın "meri" Arsvik Sərkisyanla Qarabağa səfər edən Burq Le-Valans meri Marlen Murye oktyabrın 5-də qol çəkiblər.

Sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejim "Dağlıq Qarabağ Respublikası (Arsax Respublikası)" kimi qeyd edilir və ona dəstək ifadə olunur. Bəyannamə iki şəhərin təhsil, mədəniyyət, idman, ticarət və yerli idarəetmə sahələrində əməkdaşlığını nəzərdə tutur.

XİN-dən kəskin mövqe

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Fransanın Burq Le-Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə və işğal altındakı Şuşa şəhəri ilə Burq Le-Valans arasında "dostluq haqqında bəyannamə"nin imzalanmasına münasibət bildirib. H.Hacıyev deyib:

"Ermənistan kütləvi informasiya vasitələrində Fransanın Burq Le-Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və Şuşa şəhəri ilə Burq Le-Valans arasında "dostluq haqqında bəyannamə"nin imzalanmasına dair məlumat verilib. Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının qanununun pozulmasıdır. Burq Le-Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le-Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır".

H.Hacıyev qeyd edib ki, bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq "dostluq haqqında bəyannamə"nin imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir: "Marlen Murye işğal olunmuş qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le-Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir. Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır".

Səfirlik: "Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

"Ermənistan da daxil olmaqla, dünyadakı heç bir ölkə, o cümlədən Fransa da Dağlıq Qarabağın müstəqilliyini tanımır. Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər çərçivəsində tanıyır".

Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlik Fransanın Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə heç bir əlaqə qurmadığını və özünü müstəqil elan etmiş bu hakimiyyətin Fransa hökuməti qarşısında akkreditasiyadan keçmiş hər hansı nümayəndəliyə malik olmadığını bir daha vurğulayıb.

Fransız parlamentarların son vaxtlar Dağlıq Qarabağa davamlı səfərləri ilə bağlı sualı cavablandıran səfirlik Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin sistemli şəkildə ölkənin Dağlıq Qarabağla bağlı mövqeyini oraya səfər etmək istəyən şəxslərə xatırlatdığını və onları bu fikirdən daşınmağa çağırdığını bildirib: "Ancaq Fransada hakimiyyət bölgüsü səbəbindən seçilmiş şəxslər səyahət sərbəstliyinə malikdir və Fransa hökuməti həmin şəxslərə Dağlıq Qarabağa getməyi qadağan edə bilməz".

Elçin Əmirbəyov: "Bu sənədin heç bir hüquqi dəyəri və əhəmiyyəti yoxdur"

Məsələyə münasibət bildirən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov isə deyib ki, Fransanın dövlət qurumları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri ilə bağlı rəsmi mövqelərini dəfələrlə bəyan ediblər. O qeyd edib ki, dünyanın ayrı-ayrı yerlərində olan ermənilərin işğal altında olan Azərbaycanın müxtəlif şəhərləri ilə Avropanın bu kimi kiçik şəhərləri arasında yaxınlaşdırmaq cəhdləri heç kəsə sirr deyil: "Çox təəssüf ki, Fransanın Burq Le-Valans şəhərində də ermənilərin sayı çoxdur. Məhz buna görə də şəhər merinin erməni əhalisindən müəyyən asılılığı var. Ancaq bu, qardaşlaşma deyil. Burada yalnız əməkdaşlıq barədə sənəd imzalanıb. Bu sənədin də heç bir hüquqi dəyəri və əhəmiyyəti yoxdur. Ümumiyyətlə, bu sənəd Fransa dövləti tərəfindən qəbul edilmir. Hətta Xarici İşlər Nazirliyi də dəfələrlə müxtəlif fransız qruplarını və şəxslərini məlumatlandırıb ki, bu ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etmək olmaz. Fransanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı da onların mövqeyi bir daha nümayiş olunub. Bu məsələ ilə bağlı da Azərbaycan tərəfi öz narazılığını Fransa tərəfinə çatdırıb. Fransa tərəfinin də bizə cavabında bildirilir ki, Fransa dövləti bu cür hadisələri dəstəkləmir. Bu cür səfərlər Fransanın ayrı-ayrı şəhərlərində ola bilər, ancaq bu, bütövlükdə dövlət tərəfindən dəstəklənmir. Çünki Fransada merlər yerli əhali tərəfindən seçilir. Əgər bir şəhərdə əhalinin 20-25 faizini ermənilər təşkil edirsə, o zaman həmin şəhərin meri çalışır ki, seçilmək naminə onların istəklərini reallaşdırsın. Çox təəssüflər olsun ki, orada Azərbaycan diasporu çox da güclü deyil. Ancaq biz də başqa yollarla ermənilərə qarşı mübarizə aparırıq".

Elman Nəsirli: "Səfərin prezidentlərin Paris görüşü ərəfəsində baş verməsi təsadüfi deyil"

Dövlət İdarəçilik Akademiyasının Geosiyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli isə bildirib ki, Ermənistanın danışıqları dalana dirəməkdə, danışıqlar prosesinə zərbə vurmaqda əsas məqsədi qondarma "Dağlıq Qarabağ Respublikası"nı da danışıqların tərəfi etməkdən, prosesdə üçüncü, həm də səlahiyyətli tərəf kimi qondarma rejimin iştirak etməsindən ibarətdir. Onun sözlərinə görə, həm rəsmi Yerevan, həm də qondarma rejim təmsilçiləri bu istiqamətdə addımlar atırlar: "Eyni zamanda çalışırlar ki, beynəlxalq birliyin ayrı-ayrı subyektlərinin bu məsələyə loyal münasibətinə nail olsunlar. Hələ ki, buna nail ola bilməyiblər. Amma dünyadakı erməni lobbisi və diasporu ciddi-cəhdlə çalışır ki, belə addımlara imza ata bilsin".

E.Nəsirli qeyd edib ki, qarşıdan Ermənistan və Azərbaycan prezidentlərinin görüşü gəlir və bu görüşün vasitəçilik missiyasını Fransa tərəfi həyata keçirəcək: "Amma indiki hadisələr fonunda o da istisna deyil ki, Ermənistan tərəfi bu danışıqlardan imtina edə və danışıqların baş tutmaması naminə yenidən müxtəlif üsullar işə sala bilər. Bildiyiniz kimi, ənənəvi üsullardan biri atəşkəs rejimini kobud, total şəkildə pozmaq, cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi insidentlər törətməkdir. Məqsəd də o olur ki, prezidentlər səviyyəsində görüşdə digər məsələlər kənarda qalsın, məhz atəşkəs rejiminin qorunub, saxlanılması məsələsi ön plana keçsin. Bu, onların sınaqdan çıxarılmış üsullarıdır və biz dəfələrlə bunun şahidi olmuşuq. Amma digər üsullar da var və istisna deyil ki, həmin o digər üsula əl atılıb. Bu üsul Azərbaycan tərəfini təxribata cəlb etmək və bununla da danışıqlar prosesini növbəti dəfə pozmaqdan ibarətdir. Bunu etmək üçün də məhz danışıqlar ərəfəsində Fransanın bir şəhərinin merinin qondarma "DQR"-ə səfərini təşkil edirlər. Bu səfərin Fransa tərəfindən baş verməsi indiki şəraitdə onlar üçün hava-su kimi lazımdır. Çünki danışıqlar prosesində məhz Fransa vasitəçilik edəcək. Bununla da istəyirlər ki, bu danışıqlara indidən kölgə salsınlar və danışıqların nəticələrinə təsir göstərsinlər".

Politoloq əlavə edib ki, zamanın seçilməsi qətiyyən təsadüfi deyil: "Burq Le-Valans meri qondarma rejimin digər vaxtda da qonağı ola bilərdi. Amma onun səfərini gecikdiriblər ki, səfər Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ərəfəsinə təsadüf etsin. Təbii ki, belə olan təqdirdə bu, danışıqlar prosesinə arxadan zərbə anlamındadır. Bu halda danışıqlar hansı mahiyyət kəsb edə bilər, danışıqlarda hansı pozitiv bir nəticədən söhbət gedə bilər? Təbii ki, heç bir nəticədən. Ona görə də hesab edirəm ki, bu, Ermənistanın növbəti təxribatçı addımıdır və məqsəd də indidən danışıqların nəticələrinə kölgə salmaqdan, prosesin növbəti dəfə dalana dirənməsi üçün münbit şəraiti təmin etməkdən və indiki status-kvo vəziyyətini qorunub saxlanılmasından ibarətdir. Bunun başqa adı yoxdur".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər