İlir Meta: "TAP Albaniyadan keçəcək"
Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib. Nümayəndə heyətinə Albaniya-Azərbaycan Dostluq Qrupunun sədri Luan Rama, millət vəkili Ben Bluşi, spikerin müşaviri Ralf Cyoni, Tirana Politexnik Universitetinin rektoru Yorcak Kacani daxildir.
Albaniya nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
"Azərbaycan Albaniya üçün strateji tərəfdaşdır".
Bunu jurnalistlərə açıqlamasında Albaniya parlamentinin sədri İ.Meta söyləyib. İ.Meta deyib ki, Albaniya parlamentinin sədri kimi ilk dəfədir Azərbaycana rəsmi səfər edir. O, Albaniya parlamentinin ondan öncəki spikerinin də Azərbaycana səfər etdiyini xatırladıb: "Bu səfər Azərbaycanla əlaqələrin intensivləşməsi yönündə Albaniyanın böyük siyasi iradəsinin olmasının göstəricisidir. Çünki Albaniya üçün Azərbaycan ölkənin gələcək inkişafı nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır".
İ.Meta Albaniya və Azərbaycan əlaqələri baxımından TAP layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb: "Bu kəmər məhz Albaniyadan keçərək Avropa Birliyi ölkələrinə çəkiləcək. Amma TAP Albaniya və Azərbaycanı birləşdirən yeganə layihə deyil. Albaniyada investisiya yatıran və hazırda investisiya yatırmaq istəyən Azərbaycan şirkətləri var. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm kimi sahələrə investisiya yatırır və bu da ölkələr arasında iqtisadi əlaqələrdə böyük potensialın olduğuna dəlalət edir".
Albaniya parlamentinin sədri səfər çərçivəsində Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini açıqlayıb: "Mən bunu böyük məmnuniyyətlə gözləyirəm. Çünki əməkdaşlığımız nöqteyi-nəzərindən təhsil böyük potensial vəd edir. Bakıda olduğuma çox sevinirəm. Əminəm ki, parlamentlər arasında əlaqələrin bu şəkildə inkişafı həm dövlətlərimiz, həm də xalqlarımız arasında əlaqələrin inkişafına töhfə verəcək".
Prezidentlə görüş
Dünən Azərbaycan prezidenti İlham Əliyev Albaniya parlamentinin sədri İ.Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İ.Meta Azərbaycanla əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb.
İ.Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrin genişlənməsi işinə öz töhfəsini verdiyini, Albaniyanın Azərbaycanla siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu deyib. O, Azərbaycanı ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əmin olduğunu söyləyib.
Prezident İlham Əliyev isə Azərbaycanın Avropada, Asiyada, həmçinin Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu xatırladaraq Bakının Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu qeyd edib. Dövlət başçısı ölkələr və xalqlar arasında yaxın əlaqələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu bildirib. TAP layihəsinin əhəmiyyətindən danışan prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 22-ə qədər davam edəcək səfər çərçivəsində bu gün Albaniya parlamentinin sədrinin Xarici İşlər naziri Elmar Məmmədyarovla və Bakı Dövlət Universitetinin rəhbərliyi ilə görüşü, İçərişəhərlə tanışlığı nəzərdə tutulub. Oktyabrın 22-də isə Albaniya nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olacaq. Bununla da Albaniya nümayəndə heyətinin Azərbaycana rəsmi səfər proqramı başa çatacaq.
Səxavət HƏMİD