1 Sentyabr 2015 11:42
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daxilində qarşıdurma, istefalar davam edir. AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini yaradan narazılar elan ediblər ki, onların sayı getdikcə artır.

Beyləqanda konfrans keçirilib

Artıq narazılar AXCP-nin Beyləqan şəhər təşkilatını yaratdıqlarını elan ediblər. Təşkilat Komitəsinin üzvü Eltural Mürsəlzadə bildirib ki, Beyləqanda nəzərdə tutulan iclasa ciddi hazırlıq gedib. Onun sözlərinə görə, artıq 8 dayaq dəstələrinin konfrans nümayəndələri seçilib -Dünyamalılar, Rəsulzadə, Qəhrəmanlı, Bahar, Gödəklər, Yalobası, Elsəvər Şükürov dayaq dəstələri konfransa tam hazırdır.

Beyləqanda 65 nəfərin iştirakı ilə AXCP-nin bərpa konfransı keçirilib. Konfransda Əli Zöhraboğlu AXCP Ali Məclisinə üzvü, Valeh Rüstəmov şəhər təşkilatı Məclisinin sədri, Eltural Mürsəlzadə isə rayon şöbəsinin sədri seçilib. Bundan başqa, İlkin Mürsəlzadə MNTK sədri olub. 25 nəfərdən ibarət məclis formalaşdırılıb. Qeyd edilib ki, yaxın üç ay ərzində üzvlərin sayının 500 nəfərə çatdırılması nəzərdə tutulub. Konfransda Eltural Mürsəlzadə, Əli Sarıyev, Valeh Rüstəmov və Əli Behbudoğlu sentyabrda nəzərdə tutulan konfransa nümayəndə seçilib.

Narazılar Sumqayıt təşkilatını ələ keçirib

Dünən isə narazılar Sumqayıtda konfrans keçiriblər. Konfransda AXCP rəhbərliyindən Səbuhi Əliyev, Ehtiram Mehdiyev iştirak edib. Sumqayıt şəhər AXCP üzvlərinin iştirakı ilə bir neçə saat davam edən konfransda partiyada yaranan qruplaşmalar, dözümsüzlük və Əli Kərimlinin öz şəxsiyyəti ətrafında yaratdığı bütləşmə tənqid edilib. Konfransda içtimai-siyasi, sosial vəziyyətlə bağlı dinləmələr olub. Sonda Şakir Məmmədov Sumqayıt şəhər təşkilatına sədr seçib. Tədbirdə Ali Məclis üzvü, nəzarət təftiş komissiyasının üzvləri və qurultaya dörd nümayəndə seçilib.

Bu arada, AXCP sədrinin müavini Gözəl Bayramlı isə elan edib ki, VI qurultaya hazırlarını sürdürürlər. Onun sözlərinə görə, bununla əlaqədar olaraq AXCP Suraxanı rayon şöbəsində konfrans keçirilib: "80 nəfərin iştirakı ilə keçirilən konfransda rayon şöbəsinin seçkili orqanlarına yeni seçkilər keçirildi, Qurultaya nümayəndələr seçildi. Bəhruz Həsənli Suraxanı təşkilatının sədri, Eldar Hüseynov isə Ali Məclisin üzvü seçilib.

Partiya rəhbərliyindən narazı qalanlar isə bəyan ediblər ki, Suraxanı təşkilatında konfrans keçirilməyib. Sadəcə olaraq, AXCP-nin Səbail və Nərimanov rayonlarından olan üzvlərini Suraxanıya apararaq konfrans təşkil ediblər. Hətta Əli Kərimliyə mesaj veriblər ki, əsl cəbhəçilərin Suraxanı bərpa konfransını yaxın günlərdə görəcək.

İstefalar var

Əli Kərimlinin sədri olduğu AXCP-dən daha iki nəfərin istefa verdiyi bəlli olub. Belə ki, partiyanın Nərimanov şöbəsinin Vahid Azərbaycan dayaq dəstəsi 8 nəfər üzv olmaqla partiya sıralarını tərk edib. AXCP Nərimanov şöbəsinin sədri Hacı Abbaslı "Azadlıq" qəzetinə verdiyi açıqlamada partiya üzvləri Nizami Qasımov, Şirvani Qasımov və Xətai Qasımovun təqribən iki il bundan öncə partiyadan getdiklərini bildirib. O, həmçinin qeyd edib ki, partiyada Vahid Azərbaycan adlı dayaq dəstəsi olmayıb. AXCP Nərimanov rayon şöbəsinin məclisinin cəmi iki gün bundan öncə istefa verən sədri Rüfət Əliyev isə Hacı Abbaslının dediklərini cəfəngiyyat adlandırıb: "Xətai Qasımov və Nizami Qasımov AXCP Nərimanov rayon şöbəsinin üzvləri olublar. Şirvani Qasımov isə Nərimanov rayon şöbəsinin müavini olmaqla yanaşı, həm də prezident seçkiləri dövründə Cəmil Həsənlinin şəxsi nümayəndəsi olub. Vahid Azərbaycan dayaq dəstəsi isə Nərimanov rayon şöbəsində olub. Bu faktları təhrif etmək olmaz axı. Görünür, Hacı Abbaslının Nərimanov rayon şöbəsindən başqa hər şeydən xəbəri var".

AXCP fəalı, tənqidi fikirlərinə görə, partiyadan uzaqlaşdırılan Dəyanət Babayev isə Əli Kərimliyə təklif edib ki, sərəncamsız müşaviri Məmməd İbrahim və mexanizator Hacı Abbaslını dərhal istefaya göndərsin, əks təqdirdə Nərimanov rayon şöbəsi darmadağın olacaq.

Sosial şəbəkələrdə "müharibə"

Yeri gəlmişkən, qeyd edək ki, hazırda sosial şəbəkələrdə AXCP üzvləri, daha doğrusu, razılarla narazılar arasında ciddi qarşıdurma var, tərəflər bir-birini ittiham edirlər. Narazıların toplaşdığı AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Cavid Musazadə qarşı tərəfə ismarışlar göndərib: "Dostlar, Rafiq Daşdəmirlinin profili o zamandan zombilər tərəfindən oğurlanıb. İndi adından yazılan heç bir yazı ona məxsus deyil. Olar ki, ara vurmaq üçün məkrli təxribat xarakterli yazarlar. Rafiq Daşdəmirlinin yazdığını düşünməyin. Bir azdan Azərbaycanda belə deyim yaranacaq: Allah səni Əli Kərimlinin şərindən qorusun".

Musazadə Əli Kərimliyə də ismarış göndərib: "Əli Kərimli kişiliyini aldığı arvadlarının ipini yığıb təhqirləri yığışdırmasa, cavablar özünə veriləcək. Abrınız, həyanız olsun. Ya mədəni siyasətlə məşğul olun, ya da əxlaqsızlığınızla, tərbiyəsizliyinizlə yox olun. Onsuz da sizi göndərmişik. Özünüz də bilirsiniz. Gethagetdə barı mədəni olun, üzüsulu gedin".

"Çıxanlar kəbinli arvad deyil"

AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin digər üzvü Ehtiram Mehdiyev də qarşı tərəfi tənqid edib: "Bizə satqın deyən Əli Kərimli və komandasına demək istəyirəm ki, partiyadan çıxanlar sizin kəbinli arvadınız deyil. Hər kəsin azad fikri var. Bəsdir, arxamızca şər-böhtan atdınız. Bir zamanlar bu qarayaxmaları Müsavat Partiyasına qarşı da edirdiniz. Ümumiyyətlə, cəmiyyətdə özünü müxalifət sayanların hər birinə qarşı bu kampaniyanı aparmısınız. Bəs o zaman bu cəmiyyətdə sizdən başda düz insan yoxdur?"

O, daha sonra qeyd edib ki, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin həbsindən bir il ötür: "Seymur tanıdığım ən hörmətli, intellektual, dürüst gənclərdən biridir. Təəssüf ki, Əli Kərimli onun potensialından istifadə edə bilmədi və gənc yaşlarında onu şərin qurbanına çevirdi. Son zamanlar Cəmil Həsənlinin də adından bəzi şeylər yazılır. Həsənli dəyərli tarixçi alimimizdir. Onun "facebook" səhifəsini cəbhəçilər işlədir. Cəmil Həsənlinin adından bizi tənqid edən nadanlar bizim gözümüzdə Həsənlini düşürmək istəyirlər. Heyf ki, Əli Kəriminin saxta oyununun qurbanına çevrilib".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər