Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə iqtisadiyyatı, kənd təsərrüfatının inkişaf etdirilməsi, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.
O, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışıb.
Dövlət başçısı icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını vurğulayıb. Həmçinin problemlərin aradan qaldırılmalı olduğu haqda xəbərdarlıq edib. Prezident yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olduğunu qeyd edib, göstərilən sahədə sui-istifadə hallarını xatırladaraq korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlə həyata keçirildiyini və bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini bəyan edib.
Azərbaycan Prezidenti tədbirdən dərhal sonra atdığı addımla ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində olmadığını və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcəyini əyani şəkildə sübut edib.
Belə ki, daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar.
Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmuş, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurub, bununla da ümumilikdə cəmiyyəti və dövlətin maraqlarını tapdayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb. Milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü ölkə başçısının öz qərarında qəti olduğunu və heç kəsə güzəşt olmayacağını əyani şəkildə göstərdi.
Eyni zamanda, dünən Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilldi. Qanun layihəsinə əsasən noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulur.
“Qaynar xətt” yaradılıb
Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini şərh edən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev deyib ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması tarixi və inqilabi islahatdır.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən verilən göstərişlərin hamısı yerinə yetirilməyib və bu istiqamətdə işlər davam etdirilir: “Qanunsuz yoxlama, ümumiyyətlə, aparılmamalıdır. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi hələ altı ayın yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev tərəfindən verilmiş göstərişlərə uyğun olaraq ”Qaynar xətt" yaradılıb və sahibkarlıq subyektlərinə məlumat verilib ki, belə hallar olarsa, mütləq müraciət etsinlər".
“Sahibkarlar, ayrı-ayrı şirkətlər Prezidentin bu fərmanını ciddi dəstəkləyirlər”
Milli Məclisin deputatı Aydın Mirzəzadə də Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək üçün Milli Məclisə göndərdiyi qanun layihəsini vaxtında verilmiş və cəmiyyət tərəfindən çox müsbət qarşılanmış qərar sayır: “Korrupsiya elementi olarsa, baş prokurorun yoxlamalarından başqa bütün növ yoxlamalar 2 il ərzində sahibkarlara və sahibkarlıq subyektlərinə qarşı dayandırılır. Bu, sahibkarların fəaliyyətinə kənardan lazımsız müdaxilələrin qarşısını alır, sahibkarları sərbəst şəkildə öz fəaliyyətini davam etdirmək, yeni iş yerlərini yaratmaq üçün fəaliyyət göstərmək, investisiya imkanlarını axtarmaq şəraitini genişləndirir. Hesab edirəm ki, bu addımla bütün sahibkarlar dövlətin onlara böyük diqqət yetirdiyini görəcəklər. Qərar yeni iş yerlərinin yaradılması, gəlirlərin bir hissəsinin investisiyalara yönəlməsinə şərait yaradacaq. Digər tərəfdən cənab Prezident bu addımı ilə sahibkarların fəaliyyətini şəxsən öz qayğısı altına aldığını bir daha sübut edir. Milli Məclisdə bu qanun layihəsi böyük ruh yüksəkliyi ilə qarşılandı. Parlament tarixində birinci dəfə idi ki, layihə səsə qoyulmamışdan deputatlar tərəfindən alqışlarla qarşılandı. Artıq sahibkarlar, ayrı-ayrı şirkətlər Prezidentin bu fərmanını ciddi dəstəkləyirlər, mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Ümumən bu fərman sahibkarlığın inkişafında ciddi dönüş nöqtəsi ola bilər. Bir sözlə, Azərbaycanda iqtisadi proseslərdə çox əhəmiyyətli bir dönüş nöqtəsi olacaq”.
“Bu, əsassız yoxlamaların qarşısını alacaq”
Deputat qeyd edib ki, Azərbaycan hökuməti daim ölkədə biznes mühitinin yaxşılaşması, sahibkarlığa dəstək üçün tədbirlər görüb: “Cənab Prezident həm hökumətin iclaslarında, həm ictimaiyyət qarşısında çıxışlarında daima bu məsələni xüsusilə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə sahibkarların əsassız yoxlanılmasına son qoyulmasını, bu prosesin bir sistemə salınması məsələsini qaldırıb. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələ bir daha vurğulandı. Prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı etdiyi təklif Azərbaycanda böyük əks-səda doğurdu. Çünki bu, əsassız yoxlamaların qarşısını alacaq”.
A.Mirzəzadə bildirib ki, sahibkarların yoxlanılmasının dayandırılması, eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq: “Yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq onların həm yeni iş yerləri yaratmasına, həm də yeni investisiyalar qoymasına imkan verəcək. Cənab Prezidentin təklifi ilə parlamentdə təsdiq olunan layihə sahibkarlara dövlət tərəfindən diqqət yetirildiyini, onların fəaliyyətinə bundan sonra da lüzumsuz müdaxilənin mümkün olmayacağına inandırıb”.
NƏRGİZ