18 Dekabr 2015 11:36
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Sənəd müəllifləri Azərbaycan və ABŞ arasındakı uğurlu əməkdaşlığa kölgə salmaq niyyəti güdürlər”

ABŞ-ın Helsinki Komissiyasının (Avropa Təhlükəsizlik və əməkdaşlıq Komissiyası) rəhbəri, konqresmen Kristofer Smit “Azərbaycan Demokratiya Aktı-2015" adlı layihə hazırlayıb. Layihədə insan haqlarının durumu ilə bağlı Azərbaycandakı bəzi rəsmi şəxslərə ABŞ vizasının verilməsinin dayandırılması ilə bağlı təklif də var.

Konqresmen layihədə qeyd edib ki, Azərbaycanda bəzi tanınmış şəxslər, o cümlədən “jurnalist, müxalifət funksionerləri və hüquq müdafiəçiləri həbsdə olduğu üçün ölkənin rəsmi şəxslərinin ABŞ-a rahat səfər etməsi qəbuledilməzdi”.

K.Smit bu layihəsini Helsinki Komissiyasına təqdim edib.

Qeyd edək ki, Avropa Təhlükəsizlik və əməkdaşlıq Komissiyası ABŞ Helsinki Komissiyası kimi tanınır. Bu qurum Konqres tərəfindən Helsinki Yekun Aktının və ATəT-in digər öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq və təşviq etmək məqsədilə yaradılıb.

Layihəyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, konqresmen Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənəd tam şəkildə anti-Azərbaycan xarakter daşıyır və qəbuledilməzdir. Nazirlik rəsmisi qeyd edib ki, sənədin təşəbbüskarı olan konqresmen K.Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub.

H.Hacıyev qeyd edib ki, hər bir söz və ifadəsi belə Azərbaycana qarşı yönəlmiş bu sənəd layihəsinin ABŞ Konqresinə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində ABŞ-dakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur: “Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə də mənfi təsir göstərə bilər. Əsasız olaraq ABŞ-ın milli təhlükəsizlik və iqtisadi maraqlarının qorunması naminə bu sənədin hazırlandığı iddia olunduğu halda, sənədin müəllifləri əslində Azərbaycan və ABŞ-ın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, iqtisadiyyat və digər sahələrdə uğurlu əməkdaşlığına kölgə salmaq niyyətini güdürlər. Hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan sənəd layihəsində Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə ”siyasi məhbus" donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyil. Multikulturalizm ənənələri ilə dünyaya nümunə olan Azərbaycanda əsrlər boyu müsəlman, pravoslav, katolik, yəhudi və digər dini icmalarının dinc və mehriban şəkildə yaşadıqları halda, sənəd layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddia heç bir tənqidə sığmır.

Sənəd layihəsi bir daha sübut edir ki, Bakı-Tbilisi-Qars, TAP/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən anti-Azərbaycan dairələri ciddi surətdə narahat edir. Azərbaycan Respublikasında qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub".

Yeni Azərbaycan Partiyası Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsi ABŞ-da olan erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin növbəti anti-Azərbaycan addımıdır. Onun sözlərinə görə, Xədicə İsmayıl məsələsi olmasaydı da, başqa bir variantla mütləq Azərbaycana qarşı total hücuma keçiləcəkdi: “1992-ci ildə Azərbaycan yeni müstəqillik qazananda ABŞ Konqresində məşhur ”907-ci düzəliş" qəbul edilmişdi və indi də yeni cəhdlər var".

Deputat qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə nüfuz qazanması görünür ABŞ-da erməni dairələrini sakit buraxmır: “İndiki halda belə bir qərarın qəbul ediləcəyi inandırıcı deyil. Çünki Azərbaycan 1992-ci ildəki Azərbaycan deyil. Dünyada özünün modelini sərgiləyən, kifayət qədər nüfuzlu Azərbaycanı bu gün küncə sıxmaq, onunla yarımmüstəmləkə kimi danışmaq qeyri-mümkündür. Əgər 1992-ci ildə ”907-ci düzəliş" Azərbaycanı diz üstə çökdürmədisə, 2015-ci ildə belə bir qərarın Azərbaycana təsiri ümumiyyətlə, ola bilməz".

YAP rəsmisi qeyd edib ki, təkcə ABŞ Azərbaycana lazım deyil, həmçinin Azərbaycan da ABŞ-a lazımdır: “Əgər belə qərar olarsa, Azərbaycan da əks addım ata bilər. Hesab etmirəm ki, beynəlxalq aləmin aparıcı dövlətlərindən olan ABŞ bu gün regionun lider dövləti ilə münasibətləri pisləşdirmək taktikası seçsin. Bu, ABŞ-ın maraqlarında deyil. Azərbaycan ABŞ-ın ciddi müttəfiqlərindən biridir. Bunu, sadəcə, siyasi gediş adlandırıram. Bütün hallarda ABŞ rəsmi dairələri məsələyə münasibət bildirməli, Azərbaycanla olan müttəfiqlik münasibətlərinə yenidən aydınlıq gətirməlidir”.

“ABŞ Konqresinə təqdim edilən layihədə guya Azərbaycanda adventistlər, baptistlər, protestantlar, Yəhva şahidləri və digərlərinin hüquqlarının pozulduğu iddia olunur. Bu, tamamilə yalandır, layihə qərəzlidir”.

Bunu isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məqsəd Azərbaycana təsir göstərməkdir: “Bu, alınmayacaq. Bu məsələdə erməni lobbisinin də barmağı var. Layihədə qeyd olunan dini icmalar Azərbaycanda qeydiyyatdan keçib, təkrar qeydiyyatdan keçməsələr də, fəaliyyətlərinə heç bir maneə yoxdur, yenə fəaliyyət göstərirlər. Hətta onlara dini icmalara ayrılan vəsaitdən də yardım ayrılıb. İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək. Belə hallar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər