26 Yanvar 2016 01:04
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daşaltı əməliyyatından 24 il keçir.

Teleqraf.com-un xəbərinə görə, 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Hər zaman bu əməliyyata çox diqqət ayrılır, çünki bu əməliyyatda uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ermənilərdən almağa və erməni qoşunlarını müdafiəyə keçməyə məcbur etməyə imkan verirdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər. Lakin eyni zamanda Daşaltıdakı döyüş əsgərlərimizin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yada salınır.

BƏXTİYAR


Müəllif: