Son günlər Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nərticəsində təmas xəttinə yaxın kəndlərdə sakinlərə ciddi ziyan dəyib.
Teleqraf.com-un xəbərinə görə, mərmi partlaması nəticəsində Tərtər və Ağdamda evlər dağılıb, dinc sakinlər arasında ölən və yaralanan var.
Ötən gecə də təmas xəttinə yaxın ərazilərimiz erməni artilleriyası tərəfindən vurulub. Artilleriya mərmiləri əsasən, dinc sakinlərin məskunlaşdığı kəndlərə düşüb. Ermənilərin açdığı atəş nəticəsində yaşayış evləri dağıdılıb. Təsərrüfatların yardımçı tikililəri və ictimai iaşə obyektlərinə ciddi ziyan dəyib.
Ağdam ərazisindəmərmi partlayışı nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var. Partlayış zamanı bir nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Rayonun Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib. Hüseynov Əli Museyib oğlu və Rəhimov Zahid Vəliş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Digər yaralılar Fərəcov Zahid Fərəc oğlu, Abdullayev Anar Nizami oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Məmmədov Elnur Polu oğlu, Kərimov Sirdaş Şükür oğlu və Anar Məmmədova tibbi yardım göstərilib. Onların həyatı üçün ciddi təhlükənin olmadığı bildirilib.
Xatırladaq ki, qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir. Kəndlərin atəşə tutulması nəticə mərmilərdən biri Mahrızlı kənd sakini Bakir Qarayevin evinə düşüb. Partlayış zamanı ev tamamilə yanaraq yararsız hala düşüb. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb.
Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər. Atılan top mərmilərindən biri də Çəmənli kənd sakini Vidadi Şükürovun evinin həyətinə düşüb. Partlayış nəticəsində ev tamamilə dağılıb. Təsərrüfatda olan mal-qara tələf olub.
Çəmənli kənd sakini Vidadi Şükürov isə deyir ki, evə mərmi düşdüyü vaxt evdə olublar: "Evdə oturmuşdum, özünüz görürcü, indi ev nə vəziyyətdədir".
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və rayon icra hakimiyyətinin digər əməkdaşları kəndlərdə olub. Sakinlərə dəyən ziyanla maraqlanıblar.
Rayon Fövqəladə Hallar komissiyasından bildirilib ki, rayon ərazisində ümumilikdə 50 evə ziyan dəyib. İki mağaza dağılıb.
Bundan başqa, “Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.
Xalid Salmanbəyli