23 İyun 2016 16:11
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. İşğalçı ölkənin prezidenti əvvəlcə Xankəndində separatçı rejimin “rəhbərliyi” ilə görüşüb. Sonra cəbhənin cənub istiqamətinə gəlib.

Məlumata görə, Sərkisyan “aprel döyüşləri”nin getdiyi bölgəyə – Azərbaycanın Cəbrayıl və Füzuli rayonları istiqamətinə baş çəkib. Onu çoxlu sayda hərbçi müşayiət edib. Sərkizyan həmçinin Cəbrayıl rayonu ərazisində ordumuzun işğaldan azad etdiyi Lələtəpəyə uzaqdan baxıb, ərazini müşahidə edib.

Diqqət çəkən həm də odur ki, Ermənistan prezidentini müşayiət edənlər arasında separatçı Dağlıq Qarabağ rejiminin hazırkı rəhbəri Bako Saakyanla yanaşı ondan əvvəl separatçılara rəhbərlik etmiş Arkadi Qukasyan da olub. Onlar cəbhə xəttində xidmət edən hərbçilərlə görüşüb, vəziyyətlə maraqlanıblar. Bunun ardınca Serj Sərkisyanın rəhbərliyi ilə Xankəndində yüksək rütbəli zabitlərlə müşavirə keçirilib.

Ermənistan prezidenti bu gün də işğal olunmuş Azərbaycan ərazilərində bəzi tədbirlərdə iştirak edib.

Bu səfərdən iki gün əvəl – iyunun 20-də Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə görüş keçirilib. Serj Sərkisyanın görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi birmənalı qarşılanmır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Serj Sərkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri əslində, iki məsələyə aydınlıq gətirir: “Birinci odur ki, həqiqətən Sankt-Peterburq danışıqlarından nəticə çıxmayıb. İkincisi, Sərkisyan növbəti dəfə təxribata əl atır”.

Elxan Şahinoğlu prezidentlərin 2014-cü ilin sonunda Parisdə görüşdüklərini xatırladaraq bildirib ki, həmin görüşdə də Sankt-Peterburqda olduğu kimi sanki hansısa detallarda ümumu razılıq əldə olunmuşdu: “Sonra nə baş verdi? Sərkisyan İrəvana qayıtdı, Ermənistan ordusu işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi və Azərbaycan ordusu düşmənin helikopterini vurmaq məcburiyyətində qaldı. Bununla da Paris görüşünün üstündən xətt çəkildi. İndi də eyni təxtibatdır.

Görüş bitəndən dərhal sonra Sərkisyan işğal olunmuş torpaqlara gəlir. Əsgəri forma geyinərək əmrlər verir və yəqin separatçıları arxayın salır ki, darıxmayın, heç bir güzəşt olmayacaq. Biz referendum məsələsində qətiyyətimizi davam etdiririk, bu məsələ öz həllini tapmadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacağıq. Məncə, əsas mesaj elə bundan ibarətdir”.

Elxan Şahinoğlu qeyd edib ki, Sərkisyan işğal olunmuş ərazilərə gəlib Azərbaycan tərəfə baxa da, binoklla izləyə də bilər: “Amma məsələ ondadır ki, o torpaqları yenidən geri ala bilməz. Çünki yenidən o torpaqları almağa təşəbbüs göstərsə, bu müharibənin başlanması demək olacaq. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən Azərbaycan ordusu orda möhkəmlənib və strateji nəzarət imkanlarına malikdir.

Aydındır ki, Sankt-Peterburq görüşündən də nəticə çıxmadı. Odur ki, Ermənistanın yeganə dərdi atəşkəsin ömrünü uzun etməkdir. Belə olan təqdirdə ard-arda keçirilən danışıqlar nəticə verməyəcəyi təqdirdə və növbəti görüşdə də real nəticənin olmayacağını proqnozlaşdırmaq mümkündürsə, ümumiyyətlə, yaxın perspektivdə apreldə baş verənlərin yenidən təkrarlanması ehtimalı var”.

Serj Sərkisyanı müşayiət edənlər arasında qondarma Dağlıq Qarabağ rejiminin keçmiş başçısı Arkadi Qukasyanın da olmasına gəldikdə, Elxan Şahinoğlu qeyd edir ki, bunu belə oxumaq lazımdır: “Qarabağ məsələsində Sərkisyan konsolidasiya olunmuş, eyni baxışı olan bir qrup yaratmaq istəyir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanla görüş və onun Dağlıq Qarabağa səfəri də bununla bağlı idi. Yəni, guya bir çox məsələlərdə fikir ayrılığı olsa da, Qarabağ məsələsində erməni cəmiyyətində ümumi bir fikir var. Yəqin elə bu mesajı çatdırmaq üçün Qukasyanı öz yanına alıb işğal olunmuş Azərbaycan torpaqlarına aparıb”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər