29 İyun 2016 15:40
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Liberal-Demokrat Partiyasının rəsmisi, sabiq dövlət naziri Masako Morinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı millət vəkili, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan parlamentinin də Yaponiya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmuniyyət yaratdığını deyib. Q.Paşayeva Yaponiya nümayəndə heyətinə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

O, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son vəziyyət barədə də danışıb. Millət vəkili qonaqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. O, bir milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. Q.Paşayeva nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər təqdim edib.

Yaponiyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Masako Mori iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandığını vurğulayıb. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam ifadə olunub.
Q.Paşayeva nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər