Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev kaliforniyalı konqresmen, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysla görüşüb.
Baş Konsulluqdan Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən, habelə ABŞ-ın Avropadakı müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfəsindən danışılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub.
Aprel ayında qoşunların təmas xəttində baş vermiş hadisələrə toxunan N.Agayev vurğulayıb ki, silahlı toqquşmalar münaqişə zonasında indiki status-kvonun çox zəif və yolverilməz olduğunu, habelə problemin tezliklə həllini tapmasının vacibliyini növbəti dəfə nümayiş etdirib.
Danışıqlar prosesindən söz açan baş konsul qeyd edib ki, münaqişənin beynəlxalq hüquq əsasında hərtərəfli həlli möhkəm sülhün bərqərar olmasını təmin edəcək.
Diplomat bildirib ki, Azərbaycan konfessiyalararası həmrəylik və tolerantlıq ənənələrinin dərin kökləri olan ölkədir və bu da müsəlman, xristian və yəhudilərin sülh, ləyaqət və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamasını təmin edir.
Səxavət