“Konstitusiyaya təklif olunan dəyişikliklərin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş Kəmaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, mütəmadi olaraq müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan “tədqiqat” aparıldığının və ictimailəşdirildiyinin şahidi oluruq: “Konstitusiyaya təklif olunan dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yardır. O cümlədən insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısı alınır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb. Bir sözlə, nəzərdə tutulan dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir, vətəndaşlara yeni hüquqlar verilir, hüququn realizə olunması ilə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılır, eyni zamanda, hüquqdan sui-istifadə etmək imkanları məhdudlaşdırılır”.
Deputat əlavə edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək: “Əminəm ki, xalq bu islahatlara səs verəcək. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarə etmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik”.
Cavad