23 Sentyabr 2016 20:39
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyev milyarder deyil.

Heç milyonçu da deyil!

Siyasətçidir, partiya sədridir, millət vəkilidir.

Onu yeniyetməlik dövrümdən tanıyıram, hər zaman şəxsi münasibətlərimiz yüksək səviyyədə olub. Bəzən, lap çoxdan yaşımın, təcrübəmin azlığından ona qarşı səhvlər də buraxmışam, ancaq heç zaman üzümə vurmayıb, heç nə olmamış kimi davranıb, səmimiyyətindən geri çəkilməyib.

İllər keçdikcə daha çox anlamışam ki, Qüdrət Həsənquliyevin şəxsi keyfiyyətləri- qəlbigenişliyi, insanlara sayğısı, inamı, tanıdığı-tanımadığı adamlara hər zaman təmənnasız dəstək olmağa çalışması, xeyirxahlıq potensialı, bir sözlə, mərdlik kodeksləri onun siyasətçi kimliyindən çox-çox yuxarıda dayanır.

O siyasətçi yox, məsələn, prokuror, vəkil, biznesmen, elm adamı olsaydı da, yenə bu cür olacaqdı, yenə bu cür davaranacaqdı. İndi qanunlar çərçivəsində başçılıq etdiyi təşkilata dövlətdən, büdcədən aldığı yardımı bəzi deputat partiya sədrlərindən fərqli olaraq, son qəpiyinəcən partiyadaşları arasında böldüyü kimi, o zaman da qazancının mühüm bir hissəsini dost-tanışa xərcləyəcəkdi.

Ailəsini, qohum-əqrabasını tanyıram. Hamısı yanımcıl, hamısı xeyirxah, loru dildə desək, “adam görəndə özünü öldürən” insanlardır.

Bəlkə də bütün bunlar ondan irəli gəlir ki, çoxuşaqlı ailədə boya-başa çatıblar, ən kiçik yaşlarından paylaşmağı, bölüşməyi, bir-birinə dayaq olmağı öyrəniblər və zaman keçdikcə bu keyfiyyətləri bütün cəmiyyətə münasibətlərində qoruyub, sərgiləyiblər.

Qüdrət Həsənquliyevə bir partiya sədri və millət vəkili kimi mənim təqdirimi qazandıran onun sırf Azərbaycan siyasətçisi olmasıdır.

Mövqeyini, siyasi kursunu kimlərsə istədiyi qədər tənqid edə bilər, kimlərsə resurslarına və təsir gücünə skeptik yanaşaraq başqa bir təşkilatı BAXCP-dən daha qüvvəli saya bilər- plüralist bir toplumda yaşayırıq.

Amma heç kim, ağlı başında olan, vicdanı siyasi maraqlarının kölgəsində qalmayan heç kəs Qüdrət Həsənquliyevin Azərbaycandan savayı hansısa dövlətin, beynəlxalq təşkilatın maraqlarından çıxış etdiyini iddia belə edə bilməz.

Onun üçün mövzu Azərbaycandır və mövzu Azərbaycandırsa, ABŞ, Avropa, Rusiya, İran və digər irili-xırdalı dövlətlərin, onlara xidmət edən quruluşların qurduqları planlar qarşısında milli maraqlarımız qorunmalı və önə çıxarılmalıdır.

Doğrusu, Əbülfəz Elçibəyin vəfatından sonra parçalanan AXCP-nin şinelindən çıxan təşkilatların başında dayananlar arasında milli maraqlarımızı onun qədər yaxşı qavrayan və müdafiə edən, cari mənfəətlər müqabilində sekulyarlıqdan bir gün də olsun geri çəkilməyərək ardıcıl islahatçı xətt yürüdən başqa birini də gözümün önünə gətirə bilmirəm.

Bu günlərdə “Yeni Müsavat” qəzetinin editor masasında sualları cavablandırmışdı.

İnanın, şəxsi münasibətlərimizdən, dostluq təəssübkeşliyindən çıxış edərək demirəm: son dərəcə yetkin, son dərəcə rasional, son dərəcə milli maraqlarımıza uyğun bir müsahibə silsiləsi idi.

Hə, kimlərsə bir partiya sədrindən, bir millət vəkilindən daha radikal ovqatda və üslubda açıqlamalar gözləyə bilər, amma bu gözləntinin özü yanlışdır, ziyanlıdır. Heç zaman nifrət dili siyasətə, nihilizm sosial münasibətlərə, qarşıdurma tərəqqiyə xidmət etməyib. Bunun əvəzində siyasətçinin işi inkişaf üçün müxtəlif spektrlər arasında ortaq nöqtələri tapa bilmək, konsensus yaratmaq və problemlərin həllində dağıdıcı deyil, qurucu mövqe tutmaqdır. Onsuz da cəmiyyətimizdə yetərincə “mızqoyan”, mız qoymaqdan başqa əlindən ayrı iş gəlməyənlər var, hətta sayları lap çoxdur. Zira, tarixi və demokratik bir bilinclə problemlərin həlli üçün vətəndaşın, dövlətin, yeri gələndə hakimiyyətin yanında olan, bu zaman qaragüruhun aqressiyasını və tənələrinə əhəmiyyət verməyərək iradə nümayiş etdirənlər olduqca azdır.

Odur ki, bu günə qədər şəxsinə hörmət etdiyim, amma bu gündən sonra mənim nəzərimdə Voronejin ortabab bir institutunda (məhz institutunda!- T.Ş) “Yer quruluşu” fakültəsini bitirdiyi halda özünə “iqtisadçı” titulu verən, bir zamanlar daşıdığı deputat nişanının məsuliyyətini hələ də anlamayıb sosial şəbəkələrdə yaydığı elanla bal satan Nazim Məmmədovla heç bir fərqi olmayan Aslan İsmayılovun Qüdrət Həsənquliyevə qəzəb, qərəz, təhqir dolu “hücumu”nu təəssüflə oxudum.

Aslan İsmayılov haqqında ona görə hər zaman hörmətlə düşünmüşdüm ki, iqtidar və müxalifət qütbləşməsindən kənarda öz yeri və öz sözü olan adamdı. Amma bu dəsti-xətti davam etdirməyə ya iradəsi çatmadı, ya da bu rolu ona əvvəlcədən həvalə edildiyi üçün oynayırmış.

Rəbiyyət Aslanova ilə qısamüddətli nikahı ilə hansı şəxsiyyət, dəyər və siyasi iddia sahibi olduğunu ortaya qoymuş milyarder İlham Rəhimovun sözçüsü kimi çıxış edərək Aslan İsmayılov öz maskasını tamamilə yırtdı. Bu pisliyi ona kimsə edə bilməz, bu zərbəni ona kimsə vura bilməz, onun Azərbaycana qarşı planlanan və bu xalqın mətin övladlarının sayəsində əsla baş tutmayacaq layihələrdə yer alan sıradan bir zavallı olduğunu kimsə belə dəqiqliklə ortaya qoya bilməzdi.

Pəki, sağda-solda “Putinin dostu” olduğunu qabardaraq sərvət toplamaq və mərhum Əbülfəz Elçibəyin sözləri ilə desək, arabir kisəsini cingildədərək üç-beş tamahkarı başına yığmaq cəhdləri müqabilində Azərbaycan ictimai fikri üçün heç bir əhəmiyyət daşımayan, dürüst və sağlam mövqe sahibi kimi yadda qalmayan, əksinə, “salamat tip” olmadığında hər kəsin həmrəy olduğu İlham Rəhimova qahmar çıxanda nədən İsmayılov belə “Aslan” kəsildi?

Üslub biabırçı, yanaşma rəzil, məqsəd xəbis...

Tam bir cəngəllik qafası... Tam bir sirk göstərisi...

Yer üzündə sirk aslanlarından daha binəva və daha acınacaqlı durumda olan heç bir canlı yoxdur mənim nəzərimdə. Adın “aslan” olacaq, ancaq sənə verilən əmrlərlə tullanıb-düşəcək, oyun çıxaracaqsan...

“Xudavəndi-aləm kimsəni bu duruma salmasın” deyərək bir məsələnin də üzərində dayanmaq istəyirəm.

Çox yaxşı olardı ki, Aslan İsmayılov səviyyəsiz və sərsəm bir üslubda Qüdrət Həsənquliyevi suçlamaq, onun çıxışlarını, o çıxışların harada və necə yayılmasını media azadlığına zidd bir şəkildə təftiş eləmək əvəzinə ona aydınlıq gətirsin ki, bir zamanlar Rüstəm İbrahimbəyovu da bəh-bəhlə müdafiə edir, onun yaratdığı qurumlara üzv olur, prezidentliyə namizədliyini niyə dəstəkləyirdi?

Hamının xatirindədir, heç qırx gün çəkmədi ki, Rüstəm İbrahimbəyovun siyasi şarlatanlığı tam üzə çıxdı, Azərbaycan vətəndaşı olmaya-olmaya prezidentliyə namizəd ola bilmək üçün çıxardığı hoqqalar, törətdiyi fırıldaqlar el-aləmə əyan oldu.

Məsələnin kökü də elə bundadır. Görünür, Qüdrət Həsənquliyevin Rüstəm İbrahimbəyovun “missiya”sının İlham Rəhimova həvalə edildiyini söyləməsi “rejissor”un son filmində aşağı qonorarla yer alan aktyorları möhkəm qıcıqlandırıb.

Ancaq adama deyərlər siz hələ filmin birinci seriyasındakı iştirakınıza, xalqı aldatdığınıza, siyasi səhnəyə rus qafalı Şeyx Nəsrullah cıxadığınıza görə cəmiyyətdən əfv diləyin, əgər üzrünüz qəbul olunsa, ikinci hissəyə də qatılmağa hazırlaşarsınız...

Sual edirəm, Aslan İsmaylov, Rüstəm İbrahimbəyov avantürasında fəal iştirakınız üçün xalqdan, cəmiyyətdən niyə üzr istəməmisiniz indiyəcən?

Sonda Qüdrət Həsənquliyevlə bağlı bir neçə məqama da toxunmaq istəyirəm.

Qüdrət Həsənquliyev Aslan İsmayılovdan daha gənc olmasına rəğmən, istər hüquqşünas, istər məmur, istərsə də ictimai-siyasi xadim kimi ondan qat-qat uğurlu və qat-qat təqdirəlayiq yol keçib.

Ən azından ona görə ki, Qüdrət Həsənquliyev tələbə hərəkatının liderlərindən biri olaraq Azərbaycanın milli-azadlığı uğrunda mübarizə aparanda Aslan İsmayılov Stavropolda yaxşı gün keçirirdi.

Ən azından ona görə ki, Qüdrət Həsənquliyev Azərbaycana heç vaxt Rusiyadan müstəntiq göndərilməyib.

Ən azından ona görə ki, Qüdrət Həsənquliyev Prezident Aparatındakı postundan öz komandası ilə birlikdə istefa verib.

Ən azından ona görə ki, Qüdrət Həsənquliyevin qulağının dibində hansısa kabinetdə vurulmuş məmur silləsinin izi yoxdur...


Müəllif:

Oxşar xəbərlər