Sentyabrın 29-da Ermənistan parlamenti hökumətdə struktur dəyişiklikləri layihəsinə ikinci – sonuncu oxunuşda səs verib.
Novator.az-ın məlumatına görə, hökumətin hazırladığı layihəni parlamentdə ədliyyə naziri Arpine Ovannisyan təqdim edib.
Qanuna əsasən, İqtisadiyyat Nazirliyi İnvestisiya və Sahibkarlığa Dəstək Nazirliyinə, Enerji və Təbii Sərvətlər Nazirliyi Enerji İnfrastrukturu və Sərvətlər Nazirliyinə çevrilir, Nəqliyyat və Rabitə Nazirliyinin bazasında Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılır, Şəhərsalma Nazirliyi komitə statusu alır.
Arpine Ovannisyan müzakirələr zamanı səslənən təkliflərə münasibət bildirərək deyib ki, Diaspor Nazirliyinin Diaspor və Repatriasiya Nazirliyinə çevrilməsi indiki mərhələdə məqsədəuyğun sayılmayıb.
Sentyabrın 8-də baş nazir Ovik Abramyan istefa verib. Sentyabrın 13-dən hökumətə Karen Karapetyan baş nazirlik edir. Baş nazir dəyişdiyi üçün Ermənistan hökuməti yenilənir. Maliyyə naziri Vardan Aramyan, nəqliyyat və rabitə naziri Vahan Martirosyan, kənd təsərrüfatı naziri İqnati Arakelyan, enerji və təbii sərvətlər naziri Aşot Manukyan, mədəniyyət naziri Armen Əmiryan, gənclər və idman naziri Qraçya Rostomyan, səhiyyə naziri Levon Altunyan, iqtisadiyyat naziri Suren Karayan hökumətdə yeni şəxslərdir.