Müsavatdan İqbal Ağazadəyə cavab: “Dedikləri əsassızdır...”
Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov Ümid Partiyasının sədri İqbal Ağazadənin İsa Qəmbərlə bağlı dediklərini şərh edib.
Xatırladaq ki, Ümid sədri İqbal Ağazadə son müsahibəsində 2003-cü ilin oktyabr hadisələrindən danışıb. Ağazadə bəyan edib ki, dörd dəfə İsa Qəmbərə zəng edərək onu meydana dəvət edib ki, insanları sakitləşdirsin. Lakin İsa Qəmbər meydana gəlməyib. Ümid sədri vurğulayıb ki, dördüncü dəfə zəng edəndə İsa Qəmbər deyib ki, yoldadır. Ona meydana gəlmək üçün yolda olduğu haqda sual edəndə isə deyib ki, yox, evə gedirəm.
Teleqraf.com-a danışan Yadigar Sadıqov isə bildirib ki, İqbal Ağazadənin dedikləri yalan və əsassızdır: “İddia edilir ki, İsa Qəmbər meydana gəlməyib. Əslində İsa Qəmbərin meydana gəlməməsi zaman məsələsi olub. İsa Qəmbər həmin zaman təşkilatlarla əlaqə saxlayırmış, daxil olan informasiyaları qəbul edirmiş, ümumi rəhbərliyi həyata keçirirmiş. Təbii ki, İsa Qəmbər meydana gələcəkdi. Həmin vaxt İsa Qəmbər qərargahdakı otağında olub. Bu da normal vəziyyətdir. Meydana gəlmək isə zaman məsələsi olub. İsa Qəmbər həmin vaxt ölkədən qaçmayıb, hardasa qeyri- məlum yerdə gizlənməyib. Hər şey göz qabağında olub. Yəni burada gizlənməkdən və ya qaçmaqdan söhbət gedə bilməz. Odur ki, həmin şəxsin iddialarını qəbul etmirəm və əsassız sayıram”.
Yadigar Sadıqov qeyd edir ki, bəzi partiyaların və onların rəhbərlərinin mütəmadi olaraq Müsavatı “qamçılaması” normaldır: “Əvvəla, Ümid Partiyası Müsavatla rəqabət aparan təşkilat deyil. Ümumiyyətlə müxalifət düşərgəsində bəzən qınaqlar səslənir. Bu da, təbiidir. Uman yerdən küsərlər. Hazırda özü olub fəaliyyəti olmayan təşkilatları kimsə qınamır. Görünən odur ki, Müsavatdan daha çox gözləntilər var”.
Müsavat nümayəndəsi deyib ki, Ümid Partiyası ilə Müsavat 2003-cü ildə müttəfiq olsalar da, yenidən müttəfiqlik üçün perspektiv görmür.
Cavad