Gürcüstanda son parlament seçkiləri zamanı namizədliyi Vahid Milli Hərəkat Partiyası tərəfindən irəli sürülən Əhməd İmamquliyevlə Marneulidə seçki günü ən çox səs toplayıb. Bu səsləri qorumaq üçün onun minlərlə seçicisi küçələrə çıxmışdı. Teleqraf.com Əhməd İmamquliyevlə müsahibəni təqdim edir.
- Əhməd bəy, Gürcüstanda keçirilən son parlament seçkilərinin nəticəsini necə qiymətləndirirsiniz?
- Biz seçki prosesini pis qiymətləndiririk. Çünki “Gürcü Arzusu” Partiyası bütün ölkə boyu seçkiləri total saxtalaşdırmağa çalışıb. Ən çox seçki saxtakarlığını da mənim namizəd olduğum Marneulidəki 36-cı dairədə etmək istədilər. Bu səbəbdən də bir neçə seçki məntəqəsində qarşıdurma oldu. Buna baxmayaraq, I turda ən çox səs toplayan biz olduq. Son xəbərə görə, mən 47,60 faiz səs toplamışam.
- Seçkilərin son nəticəsi bəllidirmi?
- Mənim namizəd olduğum dairədə II tur olacaq. Burada mənimlə “Gürcü Arzusu”nun namizədi seçki yarışına girəcək.
- Ölkə boyu seçkinin nəticələri necə oldu?
- “Gürcü Arzusu” Partiyası irəlidədir. İkinci yerdə isə mənim təmsil olunduğum Vahid Milli Hərəkat Partiyasıdır. Ancaq biz seçkiyə etiraz edir, çalışırıq ki, dünya seçkinin necə saxtalaşdırıldığı barədə informasiya alsın. Bəzi dairələrdə minlərlə insan saxta sənədlə səs verib, "karusel əməliyyatı" edilib. Bunların hamısı qeydiyyata alınıb. Biz bu saxtakarlıqları qanun çərçivəsində MSK-ya təqdim etmək və o nəticələri ləğv etdirmək niyyətindəyik.
- Vahid Milli Hərəkat Partiyası 26 faiz səs alıb. Bu deməyə əsas verirmi ki, sizin partiya yenidən 4 il müddətinə müxalifət partiyası kimi qalacaq, hakimiyyəti isə “Gürcü Arzusu” yönəldəcək?
- Bu gün bizim partiyanın Siyasi Şurasının toplantısı keçiriləcək. Burada hansı addımlar atılacağına dair qərar verəcəyik. Çünki bu ancaq Əhməd İmamquliyevin məsələsi deyil. Komanda olaraq qərarımızı verəcəyik. Lakin hesab edirəm ki, bu 4 ildə biz dayanmayacağıq, saxtakarlığa göz yummaq niyyətimiz yoxdur. Çalışacağıq ki, seçkinin nəticələri ləğv edilsin, ya da bizim qalib olduğumuz dairələri qəbul etməlidirlər.
- Hazırda parlamentdə Vahid Milli Hərəkat Partiyasının neçə yeri var?
- Proporsional qaydada 22 deputatımız var. Majoritar seçki sistemi üzrə II tura çıxan namizədlərimizin sayı çoxdur. II tur da olacaq. Majoritar seçki sistemində bizim qalib gələn deputatımız yoxdur. Çünki 50+1 faizi toplayan olmayıb.
- Bəllidir ki, Gürcüstanda 100 minlərlə soydaşlarımız yaşayır. Bəs azərbaycanlıların seçkilərdə iştirakı və aktivliyi nə dərəcədə oldu?
- Bu il azərbaycanlılar seçkilərdə çox fəallıq göstəriblər. Elə bunun nəticəsidir ki, namizəd olduğum dairədə saxtakarlıqlara rəğmən, ən çox səs toplayan mən oldum və II tura çıxdım. Bizim əhali hədsiz fəallıq göstərdi.
- Marneulidə aktivlik olub. Bəs Bolnisi, Dmanisi, Qardabanidə vəziyyət necə olub?
- Bolnisi rayonunda azərbaycanlılar çox yüksək fəallıq göstəriblər. Ümumiyyətlə, sizə deyim ki, azərbaycanlılar Gürcüstan tarixində bu il olduğu qədər aktiv olmayıb. Adətən azərbaycanlılar hədə-qorxu altında hakimiyyət partiyasına səs verdirirdilər. Ancaq bu il bizim fəallar, komanda bu ab-havanı aradan qaldırdı. Məsələn, Bolnisi rayonunda bizim partiyanın namizədi Samirə xanım xalqı seçkilərə gətirə bildi. Xalq da çıxıb müxalifətə səs verdi. Gürcüstan tarixində belə hadisə olmamışdı.
Qardabani rayonunda da buna oxşar vəziyyət var. Bizim Qardabanidə olan namizədimiz də II tura çıxıb. Bu göstərir ki, azərbaycanlılar Gürcüstanın siyasi taleyində artıq çox fəal iştirak edirlər.
Dumanisidə vəziyyə isə bir qədər fərqli oldu. Çünki Dumanisi və Salka rayonun, eləcə də Bolnisinin böyük bir kəndini qatıb bir dairə düzəldiblər. Bu dairənin ərazisində də çoxlu sayda xalqlar yaşayır. Amma burada da azərbaycanlılar öz seçimini edə bildirlər.
- Hazırda Gürcüstan parlamentinə neçə azərbaycanlı seçilə bilib?
- Bildiyim qədər iki nəfər parlamentə düşə bilib. Ruslan Hacıyev Marneulinin 35-ci dairəsindən majoritar sistem üzrə seçilib. Mahir Dərziyev isə “Gürcü Arzusu”nun siyahısı üzrə keçib.
- Sizin partiyadan olan Azər Süleymanov mandat qazana biləcəkmi?
- Tam nəticələr bəlli olduqdan sonra Azər müəllim parlamentə düşə bilər. Azər Süleymanov partiya siyahısında 26-cı yerdədir.
- Saakaşvili seçkilərdən sonra partiya rəhbərliyinə hər hansı bir göstəriş və təlimatlar veribmi, onun özünün Gürcüstana qayıtmaq ehtimalı indi nə qədər realdır?
- Saakaşvili Gürcüstana qayıdacaq. Gürcüstan onun vətənidir. Üstəlik Gürcüstanı dövlət olaraq dünya arenasına tanıdan şəxs də Saakaşvilidir. Təbii ki, onun vətənə qayıtmaq ehtimalı var. Sadəcə olaraq bu gün axşam saat 18.00-da partiyanın Siyasi Şurasının toplantısı keçiriləcək və təbii ki, Saakaşvilinin də sözləri olacaq.
- Vahid Milli Hərəkat Partiyası seçkinin nəticələrini qəbul etmirsə, deməli bu vəziyyət qarşıdurmaya doğru gedəcək. Bu halda ölkənin taleyi necə olacaq?
- Bizim partiya hər zaman sülhməramlı və qanun çərçivəsində addım atan təşkilatdır. Biz Gürcüstanın gələcəyi naminə addımlarımızı düşünüb hesablayırıq. Əlbəttə, mitinq etmək imkanımız var. Biz nəticələri qəbul etmirik və bizimlə yanaşı tərəfdarlarımız da bun qarşı çıxır.
- İndiki nəticələr "Gürcü Arzusu"na hökuməti qurmaq imkanı yaradırmı?
- Bəli, onların belə şansı var.
- Vahid Milli Hərəkatın parlamentdə yeganə ana müxalifət partiyası olaraq qalması və növbəti seçkilərdə hakim partiya ilə yenidən seçki yarışına girməsi ehtimalı nə dərəcədə güclüdür?
- Biz iddia edirik ki, seçkilərdə seçicilərin seçimi bizim partiya olub. Sadəcə olaraq, hakimiyyətdə olan partiya seçkilərdə saxtakarlıq edib. Eləcə də “Gürcü Arzusu”nun lideri İvanaşvili böyük pullar xərcləyib və indi də hökuməti qurmağa çalışacaq. Amma biz qanuni yolla addımlar atacağıq, əlimizdə olan saxtakarlıq faktlarını açıqlamaq və yeni seçkilərə nail olmaq niyyətindəyik.
NEMƏT