21 Noyabr 2016 16:42
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24 illiyi ilə əlaqədar “Müstəqilliyim, partiyam, əbədiyyətim” adlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, millət vəkilləri, partiyanın rayon təşkilatlarının sədrləri və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edən Əli Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin taleyində Yeni Azərbaycan Partiyasının oynadığı möhtəşəm rolu görür və qiymətləndirir: “Yeni Azərbaycan Partiyasının yaranması Heydər Əliyevin adı və şəxsiyyəti ilə bilavasitə əlaqədardır. Təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi, 90-cı illərin əvvəllərində Azərbaycanın başının üstünü almış fəlakətlərdən ölkəmizi xilas etməsi, yaşadığımız bu bütün tarix Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqədardır. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsində bilavasitə yaxından iştirak edib. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirməkdədir. Heydər Əliyev siyasətinin, İlham Əliyevin bu gün həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edən təşkilat, siyasi qurumdur”.

Ə.Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahibdir: “Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı bir neçə aydan sonra 700 minə çatacaq. Azərbaycan tarixində heç zaman, hətta bir partiyalılıq dövründə belə bu sayda üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Güman edirəm ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol şərəfli bir tarix olduğu kimi, bundan sonra onu gözləyən tale də kifayət qədər uğurlu olacaq. Bütövlükdə Yeni Azərbaycan Partiyasını uğurlu bir taleyi olan siyasi təşkilat hesab edirəm. Çünki, Yeni Azərbaycan Partiyası yaradılışından 6 ay keçdikdən sonra onun yaradıcısı ümummilli lider Heydər Əliyev Azərbaycanın prezidenti olub. Yeni Azərbaycan Partiyası 24 ildir iqtidardadır. İnanıram ki, malik olduğumuz ictimai nüfuz, həyata keçirilən strateji islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra uzun illər Yeni Azərbaycan Partiyasının iqtidar statusunun saxlanması üçün çox ciddi bir etibar, əsas olacaq”.

Tədbirdə YAP-ın tarixindən və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər