31 Yanvar 2017 16:05
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətərə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda 2016-cı ilin martında Qətərin əmiri Şeyx Təmim bin Həməd Əl-Təninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan E.Məmmədyarov, bu layihələrin Körfəz ölkələri üçün faydalı ola biləcəyini söyləyib. O, Azərbaycanla Qətərin üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoymaq imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Qətərli nazir sözügedən təklifin ölkəsi tərəfindən məqbul sayıldığını, eyni zamanda kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

E.Məmmədyarov bildirib ki, qətərli investorların Azərbaycana sərmayə qoyması üçün hər cür şərait yaradılıb və əczaçılıq, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq üçün əlverişli imkanlar var.

Qətərin xarici işlər naziri iki ölkə arasında birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd edib və bu faktın Azərbaycana səfər edən qətərli turistlərin sayına müsbət təsir edəcəyini bildirib.

E.Məmmədyarov Qətərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyi və Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər