“Ermənistanda Rusiya hərbi bazasının varlığı Moskva və İrəvanın münasibətlərinə bağlı məsələdir. Ancaq Bakı bunu nəzərə alır”.
Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib: “Bu, əlbəttə, Rusiya və Ermənistan arasında ikitərəfli əlaqələrə bağlı məsələdir. Bununla yanaşı, regionun hər hansı ölkəsi üzləşdiyi təhdid və çağırışlara reaksiya verir. Bu faktoru da hər zaman nəzərə almaq lazımdır”.
E.Məmmədyarov rus bazasının Ermənistanda hələ sovet dövründən mövcud olduğunu bildirib. “Bu hərbi baza orda çoxdan var. Hələ Sovet İttifaqı zamanında orda kifayət qədər güclü hərbi qrup var idi. Həmin qrup cənub istiqamətində – NATO üzvü olan Türkiyə ilə sərhəddə yerləşdirilmişdi. Hazırda mən belə başa düşürəm ki, bununla Rusiya və Ermənistan özü məşğul olur. Hərçənd, biz də mütləq açıq gözlə çağırışları və təhlükələri nəzərə alırıq”, - deyə E.Məmmədyarov bildirib.
Nazir Azərbaycan hakimiyyətinin Ermənistanda yerləşən Metsamor AES-in fəaliyyətindən narahat olduğunu və onun köhnəldiyini də bildirib: “Biz hər zaman regional tərəfdaşlarımızla Metsamor AES məsələsinə görə narahat olmuşuq. O çox köhnədir, “Çernobıl variantı”dır. Xoşbəxtlikdən “Rosatom” hansısa əlavə pul verir. Ancaq prinsipcə, o, artıq elektrostansiya kimi öz ömrünü yaşayıb. Ona görə də Allah eləməsin, nəsə baş versə, təkcə Ermənistan deyil, hamı əziyyət çəkəcək”.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun Ermənistandan başqa heç bir tərəfi qane etmədiyini də vurğulayıb: “Biz bir neçə dəfə məsələni yerindən tərpətməyə xeyli yaxın olmuşuq. Hamı başa düşür ki, bugünki status-kvo heç kimi qane etmir, ancaq ola bilsin, Ermənistanı qane edir. Biz əlbəttə, 20 il ərzində torpaqların sülh yolu ilə deyil, ancaq hərbi yolla azad olunmasını görməkdən razı deyilik”.
Nazir blogger Aleksandr Lapşinlə bağlı məsələnin siyasiləşdirilməsinin Azərbaycanı hiddətləndirdiyini də vurğulayıb: “Onun taleyini məhkəmə müəyyən edəcək. Bu məsələnin siyasiləşdirilməsi məni həm heyrətləndirir, həm də hiddətləndirir. Onu hər zaman blogger adlandırırlar. Əgər o, mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O qanunları pozub və müvafiq olaraq hüquqi əsaslarla cinayət işi açılıb. Bunun da əsasında İnterpola göndərilən sorğu dayanıb. Buna görə də MDB ölkələri arasında imzalanmış Kişinyov konvensiyasına əsasən, Belarusda saxlanılıb. Hər şey qanun çərçivəsində olub. Onun blogger olması, ətrafında yaradılan spekulyasiya ona toxunulmazlıq hüququ vermir”.
Səxavət HƏMİD