“Hesab edirəm ki, Amerika-İran münasibətlərində kəskinlik mütləq olacaq. Hətta İranla müharibə də baş verə bilər. Türkiyə İranla münasibətləri korlamaq niyyətində deyil və bu istiqamətdə irəliləməyəcək. Amma İranla münasibət Amerika üçün açıq qarşıdurmaya çevrilir. Prezident Tramp inauqurasiya mərasimində İranı ciddi şəkildə tənqid etdi. Hazırda Tehran-Vaşinqton münasibətləri gərginləşən xətt üzrə inkişaf edir. Hesab edirəm ki, bu müharibə fazasına qədər inkişaf edə bilər”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Rüstəm Məmmədov deyib.
ABŞ-İran münasibətlərinin kəskinləşmə səbəbi haqda danışan R.Məmmədov hesab edib ki, İsrail faktorunu yaddan çıxarmaq olmaz: “Bu gün İrandan hamıdan çox çəkinən İsraildir. Prezident Tramp isə İsrailə böyük önəm verir. Bu o deməkdir ki, Amerika seçkilərində İsrailin ciddi təsiri faktoru var. Tramp da İsrail faktorundan ciddi sürətdə istifadə etməyə çalışır. Odur ki, yeni Amerika administrasiyası İsraili qorumaq naminə İrana qarşı istənilən addıma gedə bilər. Bundan sonra İrana qarşı tədbirlər və reaksiyalar şiddətlənə bilər. Mənim fikrimcə, hərbi faza gözlənilir. Çox güman ki, hərbi faza modeli Amerika tərəfindən araşdırılır”.
Cavad