“Reks Tillerson bölgəni pis tanımamalıdır. Çünki 11 il ərzində – 2006-cı ilin yanvarın 1-dən 2017-ci ilin yanvarın 1-dək “ExxonMobil” neft kompaniyasının Direktorlar Şurasının sədri və baş idarəedicisi olub. Onun bölgə haqqında və Dağlıq Qarabağ münaqişəsi barədə təsəvvürü var. Sadəcə olaraq, məndə sual yaranır ki, Tillerson niyə yalnız Ermənistanın xarici işlər naziri ilə telefonla danışıb”.
Bunu Teleqraf.om-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Qeyd edək ki, martın 3-də ABŞ-ın dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon əlaqəsi saxlayıb. Ermənistanın XİN-in yaydığı məlumata görə, tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar. "Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib", – məlumatda deyilir.
E.Şahinoğlunun sözlərinə görə, R.Tillersonun bugünlərdə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da telefon danışığının olması mümkündür: “Çünki bu olmasa, məsələ birtərəfli olacaq. Məsələ ondadır ki, qarşıdurmada iki tərəf var, ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsi onlardan biri ilə fikir mübadiləsi aparırısa, bu, digər tərəfdə, yəni bizdə haqlı suallar doğuracaq. Onun Nalbandyana dediklərinə gəldikdə isə deməliyəm ki, bəli, sülhdə biz də maraqlıyıq. Sadəcə, gərək böyük dövlətlər sülhün necə əldə edilməsi haqqında da düşünsünlər. Çünki Azərbaycan torpaqlarının işğalı hesabına bölgədə sülh mümkün deyil. Hərbi toqquşmalar da bunu beynəlxalq aləmə anlatmalıdır. Ona görə də mən Tillersonun yaxın vaxtlarda Elmar Məmmədyarovla da telefon danışığını gözləyirəm. Görək, bu danışıqlarda konkret hansısa məsələlər müzakirə olunacaq, yoxsa Azərbaycan xarici işlər nazirinə deyəcəyi sözlər erməni nazirə dediyi sözlərin təkrarı olacaq?”
Bununla belə E.Şahinoğlu qeyd edib ki, zəngin özü müsbət bir işarə ola bilər: “O mənada ki, ABŞ-da yeni administrasiya qurulur, biz hələ Donald Trampın xarici siyasət istiqamətləri barədə elə də böyük məlumata malik deyilik. Bu siyasət yeni formalaşır və bizim üçün önəmli olan Cənubi Qafqaz siyasəti necə olacaq? Bu telefon danışığı yeni administrasiyanın artıq Cənubi Qafqaza da müəyyən marağının olmasının ilk işarəsi sayıla bilər. Hər halda unutmayıblar ki, ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Amma biz gələcək inkişafı gözləməliyik. Görək, Azərbaycana da eyni səpkili telefon zəngi olacaqmı?!”
Bəs, bununla ABŞ-ın yeni administrasiyasının regionla bağlı buzu əritdiyini söyləmək mümkündürmü?
E.Şahinoğlu deyir ki, “hələlik bunu demək çox tezdir”. Onun fikrincə, bir telefon zəngi ilə böyük nəticəyə gəlmək yanlış olardı: “Çünki detallı müzakirə də getməyib. Tərəflər ümumi sözlərlə kifayətləniblər. “Bölgədə sülh və əmin-amanlıq, atəşkəsin davamlı olmasını istəyirik” sözlərini hamı deyib. Hətta, Qarabağ münaqişəsi haqqında təsəvvürləri olmayanlar da eyni sözləri deyir. Əsas odur ki, bu sülh necə əldə olunacaq, Amerikanın təklifləri nədən ibarətdir? Son 8 ildə – Barak Obamanın prezidentliyi dövründə biz Amerikanın hər hansı təşəbbüsünün şahidi olmadıq. Barak Obama Dağlıq Qarabağ kəlməsini heç bir dəfə də dilinə gətirmədi. İndi görək, yeni administrasiyanın siyasəti necə olacaq. Ancaq bir telefon danışığı, yaxud Tillerson sonradan Elmar Məmmədyarova zəng etsə belə, hər hansı buzların əridiyini də söyləmək çətindir. Real təkliflər ortaya qoyulacaqsa, bura Amerikadan xüsusi nümayəndə heyətləri gəlib fikir mübadiləsini genişləndirəcəklərsə, o zaman biz müəyyən qənaətə gələ bilərik ki, Vaşinqtonun artıq bu məsələyə ciddi marağı var. Bunlar olmayacaqsa, Tramp administrasiyasının Dağlıq Qarabağla bağlı siyasətinin Obama administrasiyasının siyasətindən ciddi fərqi olmayacaq”.
Səxavət HƏMİD