Avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən "Neolit" şadlıq evində müğənni İzzət Bağırovun mikrofonu qoyub getməsindən sonar yaranan davada xəsarət alan şəxsdən xəbər var.
Teleqraf.com xəbər verir ki, məclisdə yaralanan Novruz Aslanlının ailə üzvlərinin sözlərinə görə, o, hazırda 3 saylı şəhər xəstəxanasında reanimasiya şöbəsində müalicə alır. Novruz Aslanlının vəziyyəti ağır olaraq qalır.
Ailə üzvləri bildirib ki, müğənninin xanımı onlarla telefon əlaqəsi yaradıb:
"Hadisədən sonra İzzət Bağırovun həyat yoldaşı bir dəfə bizimlə telefonda danışıb. Telefonda dedi ki, İzzət hadisə ilə bağlı üzr istəməyə hazırdır. Hətta bir neçə müğənnini - Firuzə İbadovanı, Cavanşir Məmmədovu, Zöhrə Abdullayevanı və başqalarını üzrxahlıq üçün yanımıza göndərdilər. Həmin gün İzzət Bağırovun həyat yoldaşı da gəlmişdi. İzzət Bağırov bu günə kimi xəstəxanaya gəlməkdən qorxurdu. Qohumlarımızın ondan qisas alacağını düşünürdü. Bizsə bunun tam əksini onlara çatdırdıq. Bu gün İzzət özü də xəstəxanaya gəlmişdi. Hadisəyə görə ailəmizdən üzr istədi. Onlar bizə müəyyən məbləğdə pul təklif etsələr də, qəbul etmədik. Bütün xəstəxana xərclərini, vəkil pulunu özümüz ödəmişik".
Ailə üzvlərinin iddialarına görə, Novruz Aslanının başına zərbələr endirdiyi deyilən Elçin polis tərəfindən sərbəst buraxılıb:
"Novruzun başına küt alətlə zərbələr endirən Elçini xəstəxananın həyətində gördük. Onun azadlığa necə buraxıldığını başa düşə bilmirik".
Xatırladaq ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, avqustun 31-də “Neolit” restoranında keçirilən məclisdə operator müğənni İzzət Bağırovu yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. Bu zaman İzzət Bağırov onu çəkmədiklərinə görə etirazını bildirərək, mikrofonu qoyub gedib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Elməddin Nəbiyev ilə müğənni arasında gərginlik yaşanıb. Gərginliyin artdığını görən ailə üzvləri davaya müdaxilə ediblər. Məclis iştirakçıları ilə İzzət Bağırov arasında yaranan gərginlik daha sonra kütləvi davaya çevrilib. Restoranın mühafizəçiləri də davaya qoşulub.