10:02
Bərdə rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.
Hadisə rayonun Əliyanlı kəndində baş verib.
Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı 1987-ci il təvəllüdlü Anjela Məmmədovanı yataq otağında bıçaqlayaraq onu öldürməyə cəhd edib. İlkin məlumatlara görə, S.Məmmədova qısqanclıq zəminində A.Məmmədovanı qətlə yetirmək istəyib. Bir neçə bıçaq yarası alan qadın yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
S.Məmmədov hadisəni törədəndən sonra könüllü şəkildə polisə təslim olub.
Qeyd edək ki, S.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin 8-ci tağımının inspektorudur.
***
11:24
Bərdə rayonunda polis əməkdaşının həyat yoldaşını öldürməyə cəhd etməsinin yeni təfərrüatı məlum olub.
Bərdə rayonunda Anjela Məmmədovanı yataq otağında bıçaqlayan Sevindik Məmmədovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İstintaqa ifadə verən Sevindik Məmmədov törətdiyi əməli etiraf edib. O bildirib ki, cinayəti qisqanclıq zəminində törədib.
Dekbarın 26-da, axşam saatlarında işdən evə gələn Sevindik Məmmədov arvadının gözünə dəymədiyini görüb. O, sakitcə yataq otağına keçib və arvadının asta səslə telefonda kiminləsə danışdığını eşdib. Arvadının danışığına qulaq asan Sevindik Məmmədov onun başqa bir kişi ilə münasibət saxladığını öyrənib.
Bu zaman Sevindik Məmmədov mətbəxə keçib, oradan bıçaq götürərək yenidən yataq otağına gəlib. Yataq otağına daxil olan zaman Anjela telefonu söndürüb.
Sevindik Məmmədov arvadından kiminlə danışdığını soruşub və bu zaman Anjela ərinə kobud cavab verib.
Anjelanın hərəkətlərindən əsəbləşən Sevindik Məmmədov ona 12 bıçaq zərbəsi vurub. Qadının yerə yıxıldığını görən Sevindik onun öldüyünü düşünüb. Sonra polis şöbəsinə gələn Sevindik Məmmədov arvadını öldürdüyünü bildirib və cinayəti törətdiyi bıçağı da polislərə təhvil verib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
***
Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib.
İdarənin şöbə rəisi Kamran Əliyev Report-a deyib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: “Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.