3 Yanvar 2018 15:44
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda bir həftə əvvəl başlayan kütləvi etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, paytaxtın bütün əsas küçə və meydanlarının güc strukturları tərəfindən nəzarətə götürülməsinə baxmayaraq, on minlərlə etirazçı Tehranın Əmirabad yaşayış məntəqəsində və digər küçlərdə toplaşaraq islam respublikası və onun rəhbərlərinə qarşı şüarlar səsləndiriblər.

“Xameneyiyə ölüm”, “Diktatora ölüm”, “Xameneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Millət acından dilənir, ağa (Xameneyi) isə allahlıq edir”, “Siyasi məhbuslara azadlıq” və digər şüarlar səsləndirən aksiyaçılar etirazlarını dünən gecə saatlarına qədər davam etdiriblər. Etirazlar ölkənin Rəşt, Əhvaz, Həmədan, İslamabadi-Qərb şəhərlərində və Kərəcin Gövhərdəşt yaşayış məntəqəsində də davam edib.

Həmədanda aksiyaçılar “Xameneyi qatildir, onun daşıdığı vəzifə qanunsuzdur” şüarını səsləndirərək İranın ali dini liderinin hökmranlığına və özbaşınalığına son qoyulmasını tələb ediblər. Kərəcin Gövhərdəşt yaşayış məntəqəsində isə etirazçılarla hökumət qüvvələri arasında toqquşma yaranıb. Aksiyaçılar onlara atılan gözyaşardıcı qazı zərərsizləşdirmək üçün küçədəki zibil yeşiklərini yandırmaq məcburiyyətində qalıblar. Bildirilir ki, bir gün əvvəl həmin məntəqədə keçirilən aksiyada etirazçılar dövlətə məxsus “Kövsərbank”a hücum edərək ona od vurublar.

Əhvazda hüquq-mühafizə orqanlarının qarşısında dayanıb rejim rəsmilərinə etiraz bildirən aksiyaçılar, “Polis, dəstək ver, dəstək ver” şüarını səsləndirərək polis əməkdaşlarını xalq sıralarına qoşulmağa çağırıblar. Keçirilən bütün etirazlarda onlarla aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb.

Yayılan son məlumatlara əsasən, müxtəlif şəhərlərində keçirilən etirazlarda ölənlərin sayı 24 nəfərə çatıb. Onlardan 3-nün polis əməkdaşı olduğu bildirilir. Qeyd olunur ki, son günlər etirazlara qatılan 1000-dən çox insan yaxalanıb.

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər