6 Avqust 2014 00:09
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə yaşanan son gərginlik və itkilərimiz hər kəsi narahat etsə də, Prezident İlham Əliyevin uzun müddətdən bu yana təkrar etdiyi bir xəbərdarlığın həqiqət olduğunu ortaya qoydu – bölgədə olan atəşkəs çox həssasdır və ona lazımi diqqət yetirilməsə, bu konflikt daim isti bir fazaya keçərək regionda müharibəni yenidən alovlandıra bilər.


Prezidentimizin də qeyd etdiyi kimi, nəticəsiz danışıqlar sülhə gətirməyəcək, regionda sabitliyin qorunmasını təmin etməyəcəkdir. Bunun başlıca səbəbi isə ATƏT-in Minsk Qrupu tərəfindən 20 il davam edən qeyri-effektiv və mənasız danışıqlardır. Əslində, sizdən üzr istəyərək ifadəmi düzəldəcəm – bu, ATƏT tərəfindən yox, Rusiyanın idarəçiliyi və Qərbin təhkim olunması ilə yürüdülən mənasız danışıqlardır. İkili standartlar, milli maraqlar, lobbilərin təsirlərini, xalqların müqəddəratı prinsiplərini bilirik və nəzərə alırıq. Bəs necə olur ki, Dağlıq Qarabağ xaricində də işğal edilmiş torpaqların adını dəyişən, oranı talayan, ora erməniləri yerləşdirən Ermənistan dövlətinə Rusiya-Qərb kulisləri “tərəfsiz”, “dinç” formada yanaşır? Ukrayna məsələsində ortaya qoyulan mövqe Qarabağ məsələsində niyə ortaya qoyulmur?


Tarixən türklərin torpaqlarında yaradılmış bir erməni dövləti necə olur ki, həyasızlıqla başqalarının ərazisini tutub mənimsəyir, bu bəs etmirmiş kimi, bir də atəşkəs rejimini pozaraq əsgər və mülki əhalimizi öldürür?


KİV-lərdə bu gün yenə Fransa hökumətinin utanmaz bəyanatı səslənirdi: “Dağlıq Qarabağ məsələsinin sülh yolundan başqa həll yolu yoxdur”. Sülh yolu ilə həll edə bilirsinizsə, edin, bacarmırsınızsa, onda bizə dərs keçməyin. Nədənsə Fransa işğal edilmiş ərazilər haqda olan 4 BMT qətnaməsini heç yada da salmadı; onlara görə işğalcı ara- sıra diversiya aktları törədərək Azərbaycan vətəndaşlarını qətlə yetirə bilər və uzanan danışıqlar prosessində bu cəzasız qalmalıdır.


Görsənən budur ki, Prezident İlham Əliyevin səsləndirdiyi lazımı an gəldi və o anı gətirən də məhz elə bu erməni qudurğanlığı oldu.


Rusiyanın mövqeyi başa düşüləndir, lakin BMT Baş katibinin, AB vitse-prezidentinin, ABŞ Dövlət Departamenti sözcüsünün “tərəfləri atəşkəsə riayət etməyə səsləmələri” növbəti riyakarlıqdan başqa bir şey deyildir və onu göstərir ki, əhalisi 3 milyon ətrafında olan və gələcəkdə Qafqazdakı varlığı şübhə altına düşən Ermənistanın ağlını başına alması vaxtı çoxdan gəlib, keçib də. Bu da ancaq erməni xalqının ciddi itkilərə məruz qoyularaq reallaşdırıla bilər.

Erməni xalqı əyər cinayətkar Sarkisyan hökumətinin arxasında durursa, işğal edilmiş əraziləri boşaltmırsa, deməli, bunun bədəlini ödəməlidir ki, mövcud fikrini nəzərdən keçirsin.

Gələk Rusiyanın Soçi görüşü təklifinə. Hələ ki, heç bir tərəf bunu qəbul etdiyini açıqça bildirməyib, amma bu görüşün baş tutma ehtimalı var, bununla belə, bu görüş top atışlarının fonunda keçəcək. Bu, Azərbaycanın protestidir, illərcə sürən nəticəsiz danışıqlara və erməni qudurğanlıqlarına olan etirazdır. Rusiya isə yaranmış vəziyyətdən başqa cür istifadə etmək istəyir. Bu məsələdə Rusiyanın 2 məqsədi var: birincisi, Azərbaycanı Avrasiya İqtisadi İttifaqına yaxınlaşdırmaq, ikincisi isə Dağlıq Qarabağda öz sülhməramlılarını yerləşdirməkdir.


Böyük ehtimalla, heç birinə də nail ola bilməyəcəkdir. Prezident İlham Əliyev isə bu görüşə əliboş getməyəcəkdir, çünki o bilir ki, bu görüşə nailiyyətsiz getməyin Azərbaycan üçün bir faydası olmayacaqdır. Bu səbəblə yaxın günlərdə cəbhə xəttində uğurlarımızın olması gözləniləndir. Onsuz da elə bu günlərdə Ermənistan tərəfinə canlı güvvələr baxımından vurulan itkilər müəyyən bir nailiyyətdir.

Amma əsas nailiyyətlər hər halda müəyyən ərazilərin geri qaytarılması olacaqdır.


Müəllif: