Sosial şəbəkələrin internetlə artan tələbi cəmiyyətdə ruhi xəstəliklərə səbəb ola bilər. Həddən artıq Feysbukdan istifadə şərti “Feysbuk depressiyası” adı altında insanları ruhi problemlərə cəlb edir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Cəlal Bayar Universitetinin Tibb Fakultəsinin uşaq psixiatriyası kafedrasının müdiri doktor Həsən Qandəmir deyib.
Kafedra müdiri bildirib ki, texnologiyanın inkişafı ilə birlikdə artan sosial şəbəkə istifadəsi insanlarda bir sıra ruhi pozğunluq yaradır:
“Xüsusilə, Feysbuk istifadəçilərinə diqqət çəkmək istərdim. İnternet istifadəçiləri ilə yanaşı artan Feysbuk istifadəsinin bütün yaş qruplarında “Feysbuk depressiyası”na səbəb olur. Normalda insanlar sosial şəbəkə hesablarında gözəl, xoşbəxt anlarını heç bir sıxıntı olmadan paylaşır. Heç bir istifadəçi ağladığı və ya sıxıntı içində olduğu fotosunu sosial şəbəkələrdə paylaşmır. Bu sosial şəbəkədən çox istifadə edən istifadəçilərdə “bütün insanların həyatlarına baxarkən sanki onlar çox xoşbəxt, özünün durumunun çox bədbəxt olduğu” təəssüratı yaradır. Beləcə “niyə mənim həyatım dəyişmir və ya necə dəyişəcək” düşüncəsində olan istifadəçidə həyata qarşı mənfi aura yaranır. Bu halda istifadəçi “hər kəsin həyatı çox gözəldir, mənimki çox pisdir” düşüncə içərisində mənfi duyğulara köklənir. Sözsüz ki, həmin istifadəçinin yaşadığı əsassız düşüncələr depressiyaya düşmək üçün tətik rolunu oynayır”.
Mütəxəssis deyib ki, sosial mediada həddən artıq zaman keçirənlər cəmiyyətdən soyumağa başlayır:
“Artıq mobil telefonlar əlimizdən düşmür. Çox zaman kompüter qarşısından başımızı qaldırmırıq. Həddən artıq sosial şəbəkədə olanlar bu məkanda öz ətrafını yaradır, bununla da cəmiyyət və real həyatdakı yaxınları ilə ünsiyyəti azalmağa başlayır. Bəzi məqamlarda real həyatla əlaqələr tamam kəsilir. Artıq bu, bir assosiasiya halına gəlir. Hesab edirəm ki, Feysbuk kimi sosial şəbəkələrdən özümüzə, ruhu vəziyyətimizə və çevrəmizlə əlaqələrə ziyan vermədən istifadə etmək lazımdır. Sosial şəbəkədəki həyatları və görüntüləri öz həyatımızla əlaqələndirməməliyik. Geniş baxdıqda sosial şəbəkə sadəcə depressiya deyil, ruhi problemlərə də yol aça bilir”.