17 İyul 2018 14:44
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində baş verən hadisələrlə bağlı daha dörd nəfər həbs edilib.

Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifov Gəncədə terror aktı törətməkdə, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilirlər.

Məlumata görə, Ceyhun Qurbanov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada ittiham edilirlər.

Ceyhun Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Xatırladaq ki, iyulun 11-də Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Qeyd edək ki, iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmasının qarşısını alarkən polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar.


Müəllif: Hacı Zeynalov