Bakıda avtobusda sərnişinlər təhlükəli anlar yaşayıblar.
Teleqraf.com-un Trend-ə istinadən verdiyi məlumatına görə, buna səbəb 39 nömrəli avtobusun sürücüsünün özünü qəribə aparçası olub. Sərnişinlərdən biri isə həmin anları videoya çəkib.
Belə ki, görüntülərdən göründyü kimi, sürücü sanki sükan arxasında yataraq avtobusu idarə edir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirib. M.Ağayev bildirib ki, sözügedən avtobusun sürücüsü sükan arxasında yuxulayıb:
"39 nömrəli müntəzəm marşrut xəttində sürücünün sükan arxasında yuxulaması ilə bağlı videogörüntü BNA tərəfindən nəzarətə götürülərək araşdırılıb. Daşıyıcı agentliyə çağırılıb və bu cür xoşagəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.
Bildirilib ki, bundan sonra fəaliyyətində sərnişindaşıma tələblərinə uyğun olmayan hal olacağı təqdirdə daşıyıcı ilə marşrut xəttinin istismarına dair bağlanan müqavilələr ləvğ ediləcək”.
BNA rəsmisi əlavə edib ki, müntəzəm marşrut xətti üzrə daşıyıcılar sürücülərin iş və istirahət saatı ilə bağlı qaydalara ciddi şəkildə əməl etməlidirlər:
“Hazırda müntəzəm marşrut xətləri üzrə sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən sürücülərin iş və istirahət vaxtları ilə bağlı məsələlər də məhz onlar tərəfindən tənzimlənir.
Nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərində sürücülərin iş və istirahət saatlarına əməl edilməsində hər hansı bir problem müşahidə edilmir. Lakin plan sistemi ilə fəaliyyət göstərən xətlərdə isə bu qaydalara riayət edilməsində ciddi çatışmazlıqlar mövcuddur”.