11 May 2019 14:16
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar artıq səngiyib.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Gülnar Fazilqızı bildirib. Onun sözlərinə görə, yağan yağışlar şəhərdə elə də ciddi fəsadlar törətməyib:

"Hazırda yağış kəsib və şəhər mərkəzində elə bir problem yoxdur. Nizami və Kəpəz rayonlarından hər hansısa bir ciddi fəsadla bağlı xəbər gəlməyib".

Qeyd edək ki, ötən gündən başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunub./Trend/

***

13:20

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.

Suçəkmə işləri davam etdirilir.


Müəllif: Teleqraf.com