Bakıda mağazadan soyğunçuluq yolu ilə geyim əşyaları aparılıb.
Teleqraf.com xəbər verir ki, hadisə iyulun 5-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birində baş verib.
Həmin gün ticarət mərkəzində olan mağazadan 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci polis şöbəsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.