Cozef Merfi: “BP şirkəti yaxın gələcəkdə Azərbaycanın başqa qaz yataqlarında da işləməyi planlaşdırır”
Vaşinqtonda “Cənub qaz dəhlizi: Avropanın enerji təhlükəsizliyi üçün nəticələr” mövzusunda dəyirmi masa keçirilib.
Teleqraf.com-un məlumatına görə, Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə BP şirkətinin Cənub Qaz Dəhlizi layihəsi üzrə vitse-prezidenti Cozef Merfi və Transadriatik Qaz Kəməri (TAP) layihəsinin xarici əlaqələr və kommunikasiyalar üzrə direktoru Maykl Hoffman çıxış edib.
Dəyirmi masanın moderatoru, Xəzər regionu üzrə tanınmış ekspert Brenda Şaffer Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə çıxış edib.
Sonra Cozef Merfi tədbir iştirakçılarına BP şirkətinin Azərbaycanın “Şahdəniz” yatağından qazın nəql edilməsi layihəsi üzrə fəaliyyətinin konsepsiyası və istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd Xəzərin ehtiyat mənbələrini Avropa ilə birləşdirmək, Avropa qitəsi üçün yeni qaz ehtiyatları yaratmaq və Avropanın özündə yeni birləşdirici boru kəmərləri şəkilməsini stimullaşdırmaqdır.
C.Merfi, həmçinin bildirib ki, BP şirkəti yaxın gələcəkdə Azərbaycanın başqa qaz yataqlarında da işləməyi planlaşdırır.
Maykl Hoffman isə qeyd edib ki, Transadriatik Qaz Kəməri layihəsi artıq həmin layihədə iştirak edən Albaniya üçün, habelə Cənub-Şərqi Avropa regionundakı Bosniya və Herseqovina, Monteneqro və Bolqarıstan kimi ölkələr üçün yeni imkanlar yaradacaq. O vurğulayıb ki, Avropada təbii qazın paylaşdırılması sistemlərinin ən nüfuzlu operatorlarından biri olan Fluxys şirkəti Transadriatik Qaz Kəməri layihəsində 16 faiz payçıdır. M.Hoffman bildirib ki, həmin qaz kəmərinin tikintisinə 2016-cı ildə başlamaq və bu işi 2019-cu ildə başa çatdırmaq nəzərdə tutulur. Şirkət Albaniyada mövcud 50 körpünü bərpa etməyi və iki yeni körpü tikməyi planlaşdırır. Qaz kəməri çəkilişinin uğurlu olması üçün bu ölkədə müvafiq infrastruktur yaradılmalıdır.
C.Merfi daha sonra bildirib ki, tərəfdaşlar bu layihənin həyata keçirilməsinə 45 milyard dollara qədər sərmayə qoyulmasını planlaşdırılırlar.
Cari ilin yanvar ayından bəri imzalanmış kontraktlara artıq 9 milyard dollar vəsait sərf edildiyini nəzərə çatdıran C.Merfi bildirib ki, layihədə iştirak edən tərəfdaşlar regionda geostrateji rol oynayır və Cənub Qaz Dəhlizi Birləşmiş Ştatların və Avropa İttifaqının siyasi dəstəyi ilə BP şirkəti tərəfindən həyata keçirilən ən iri layihədir.
Tədbirdə Vaşinqtondakı elmi-tədqiqat mərkəzlərinin ekspertləri, Corctaun Universitetinin tələbələri və bir sıra səfirliklərin nümayəndələri iştirak edib.
Səxavət