Azərbaycanın üzv olmadığı və qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamenti bütün etik normalara, diplomatik qaydaların əksinə olaraq qəbul etdiyi qətnamə ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
Əvvəlki illərin təcrübəsi də təsdiq edir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər Azərbaycanın inkişafını və müstəqil siyasətini həzm edə bilməyən bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun anti-Azərbaycan mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və olduqca məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir.
Son olaraq sentyabrın 18-də Avropa Parlamentində keçirilmiş müzakirələr ilk növbədə bu qurumun nüfuzuna mənfi təsir edən bir addım oldu. Maraqlıdır ki, Avropa Parlamenti Ermənistanı işğalçı siyasətinə son qoymaq tələbi ilə çıxış etmək əvəzinə, "xalq diplomatiyası" adı altında düşmənlə sıx əməkdaşlıq edən birilərinin azad olunmasını, onların cinayətkar fəaliyyətinə maneçilik törədilməməsini "tələb edir" və bu tipli fəaliyyəti dəstəkləyir.
"Nə üçün Ermənistana qarşı sanksiyalar müzakirə mövzusu deyil?"
Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycanın enerji siyasətindən təhlükə hiss edən qüvvələr, erməni diasporası hər zaman bu üsullardan istifadə edir. Onun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli rol oynaması bir çox qüvvələri narahat edir: "Məhz buna görə də Azərbaycana təzyiqlər göstərmək üçün müxtəlif vasitələrə əl atılır.
Azərbaycanın enerji siyasətindən təhlükə hiss edən qüvvələr, erməni diasporası hər zaman bu üsullardan istifadə edir. Lakin əminəm ki, bu qətnamə Azərbaycan-Avropa münasibətlərini pozmayacaq və əməkdaşlığımız bir sıra sahələrdə davam etdiriləcək".
Millət vəkili deyib ki, belə bir qətnamə qəbul etmək əvəzinə, yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycanın işğal olunmuş əraziləri və mövcud münaqişəyə yönəlik qəbul etdiyi qətnamələrin icrası ilə bağlı hər hansı qərarlar qəbul eləsin. A.Mollazadənin sözlərinə görə, bu qurum tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və Ermənistanı sülhə məcbur etməklə bağlı çıxarılacaq qərarlar bölgəyə sülhü, stabilliyi sürətlə gətirə bilərdi: "Çox təəssüf ki, müvafiq ikili standart, yəni erməni təşkilatlarının təsiri belə bir işi davam etdirməyə imkan vermir. Lakin biz yenə də bu sualları qaldırmalıyıq. Ələlxüsus, Ukraynadakı hadisələrdən sonra nə üçün Ermənistana qarşı müvafiq sanksiyalar müzakirə mövzusu deyil? Çünki Azərbaycan ərazilərini uzun illərdir işğal etmiş Ermənistan sülh istiqamətində heç bir addım atmır. Deməli, Avropa Parlamenti bu istiqamətdə həm Azərbaycan, Moldova, Ukrayna və Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı müvafiq qərarlar verməlidir. Biz bu məsələ ilə bağlı digər 3 ölkənin parlamentariləri ilə müzakirələr aparacağıq".
"Qarabağla bağlı təcili qətnamə qəbulu təəccüb doğurardı"
Politoloq Elçin Mirzəbəyli deyib ki, bu qətnamə qəbul olunmazdan öncə Azərbaycan dövlətinin bununla bağlı rəsmi mövqeyi oldu. Onun sözlərinə görə, Avropa Parlamentində bundan öncə ermənilərin maraqlarını ifadə edən müzakirələr olmuşdu: "Bu məqsədyönlü kampaniyanın tərkib hissəsidir və bu kampaniya uzun müddətdir davam edir. Heç şübhəsiz, bu, ilk növbədə gözlənilən beynəlxalq tədbirlə, 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlıdır. Eyni zamanda, bu, həm bu il, həm də gələn keçiriləcək seçkilərlə əlaqədardır. Xüsusilə, son dövrlər Azərbaycan dövləti özünün təhlükəsizliyi istiqamətində ciddi addımlar atması, görünür, bəzi dairələri təmin etmir. Bu, ölkəmiz haqqında yanlış informasiyalar yayan qondarma hüquq müdafiəçilərinə açılan cinayət işi ilə bağlıdır. Təbii ki, onların fəaliyyətində kifayət qədər qanuna zidd əməllər, vergidən yayınma halları və dövlətə maraqlarına zidd fəaliyyət var. Görünən odur ki, bu addımlar nüfuz müvəkkillərini itirən bəzi dairələri qane etmir və məqsədyönlü şəkildə ölkəmizə qarşı kampaniya aparırlar".
E.Mirzəbəyli qeyd edib ki, Avropa Parlamentində Qarabağla bağlı belə təcili qətnamə qəbul edilsəydi, bu təəccüb doğurardı: "Çünki bu günə qədər Dağlıq Qarabağla və bütövlükdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atılmır. Avropa Parlamenti ilk növbədə beynəlxalq hüquqa istinad edərək qərarlar qəbul etməlidir. Beynəlxalq hüquqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda BMT qətnamələri var ki, həmin sənədlər də beynəlxalq səviyyədə hüquqi normativ aktlar sayılırlar. Bu aktların da həyata keçirilməsi istiqamətində Avropa Parlamentinin və digər beynəlxalq qurumların prinsipial mövqeyi ortalıqda olmayıb. Bu baxımdan, onlardan nəinki tələm-tələsik, heç uzun müddətli qərar qəbul etməyə ümid etməyə dəyməz".
BƏXTİYAR
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.