22 Sentyabr 2014 17:53
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldar İbrahimov: “Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır?”

“Milli Məclisin payız sessiyasına ciddi şəkildə hazırlaşırıq. Komitəmizin bu sessiya ərzində iş planına bir neçə məsələ daxildir. Onlardan biri “Kooperasiya haqqında” qanun layihəsidir. Biz kənd təsərrüfatında kooperativlərin yaradılmasını dəfələrlə vurğulamışıq. Ona görə də, bu məsələnin hüquqi bazasının yaradılması da zəruridir”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. O, əlavə edib ki, “İnformasiya məsləhət xidməti haqqında” qanun layihəsi də hazırda müzakirə edilir:

“Bu layihə də vacib məsələləri özündə ehtiva edir. Qanun kənd təsərrüfatı istehsalçılarına, sahibkarlara elektron xidmət göstərməyi nəzərdə tutur. Məsələn, fermer internet vasitəsilə istehsal etdiyi məhsullar haqqında məlumat verəcək, eyni zamanda özünə bazar axtaracaq. Bunlardan əlavə, dövlət başçısının imzası ilə parlamentə daxil olan bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər məsələsi də komitəmizdə müzakirə ediləcək”.

Milli Məclisin strateji məhsullar haqda qanun qəbul etdiyini vurğulayan komitə sədri deyib ki, strateji məhsuların hamısı ilə bağlı demək olar ki, qanunlar qəbul olunub: “Taxılçılıq, pambıqçılıq, üzümçülük, çayçılıq haqqında qanunlar buna sübutdur. Bu sənədlərin qəbul edilməsindən sonra həmin sahələr üzrə inkişaf qeydə alınmaqdadır. Mən xüsusilə taxılçılığın inkişafı istiqamətində görülən işləri qeyd etmək istəyirəm. Bilirsiniz ki, ölkə prezidentinin sərəncamı ilə Beyləqan və Ağcabədi rayonları ərazisində ümumilikdə 4800 hektar sahədə böyük pilot taxılçılıq təsərrüfatı yaradılıb. İndi hər hektardan 55 sentner taxıl, 111 sentner isə qarğıdalı götürülür”.

Deputat daha sonra deyib ki, oktyabrın 3-də Cenevrədə ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Onun sözlərinə görə, sessiyada Aralıq dənizi Forumu və daimi komitənin iclasları olacaq:

“Yeni təhlükəsizlik çağırışları: parlamentlərin rolu” devizi altında keçiriləcək konfrans çərçivəsində ATƏT-in təhlükəsizliyin ölçülərini əhatə edən hər üç komitəsinin iclaslarının keçirilməsi nəzərdə tutulur.
ATƏT Parlament Assambleyasının bütün tədbirlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələləri gündəmə gətiririk. İşğalçı siyasətin ölkəmizə vurduğu ziyanlar barədə avropalı parlamentarilər müntəzəm olaraq məlumatlandırılır. Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, təşkilat problemə yumşaq münasibət göstərir. Beynəlxalq qurumların bu cür yanaşmaları isə Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir. Biz təşkilatın tədbirlərində bu haqda məlumat veririk və işğalçı dövlətə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır. Ümidimiz dövlətimizin başçısının həyata keirdiyi siyasətədir ki, bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Prezidentimizin siyasəti nəticəsində işğalçı dövlət regional layihələrdən kənarda qalıb, iqtisadiyyatı böhran içərisindədir. Bir sözlə, Ermənistan dalana dirənib. Bütün bunlar isə münaqişənin həlli prosesində bizim üstünlüyümüzü artırır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər