18 Yanvar 2020 13:02
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

İsmayıllı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, yanvarın 17-də, saat 23 radələrində İsmayıllı rayonu, Ə.Ələkbərzadə küçəsində naməlum şəxs tərəfindən idarə olunan avtomobillə yolu keçmək istəyən piyada - İsmayıllı rayon sakini, 1969-cu il təvəllüdlü Asif Adıgözəlovun vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə İsmayıllı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin “VAZ 21011” markalı, 10-FB-092 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İsmayıllı rayon sakini Elçin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

E.Məmmədov yanvarın 18-də Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər