“Qarşıda qurultayımız var, ona hazırlıq işləri görülür”
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Bir neçə gün öncə VHP-nin 22 illiyini qeyd edən S.Rüstəmxanlı bildirdi ki, tədbirdə partiyanın keçdiyi yola nəzər salınıb: “Biz bu tədbiri yubiley əhval-ruhiyyəsində qeyd etdik. Vətəndaş Həmrəyliyi Partiyasının yaranması, məqsədi, indiki durumu, şəraiti haqqında danışdıq. Qarşıda qurultayımız var, ona hazırlıq işləri görülür. Eyni zamanda bu hazırlıq mərhələsində rayon təşkilatlarında konfranslar keçirilməlidir”.
VHP-də sədr dəyişikliyi ilə bağlı suala S.Rüstəmxanlı cavabında qeyd edib ki, uyğun namizəd, partiyanın yükünü boynuna götürən bir adam olan kimi sədrlikdən gedəcək. Onun sözlərinə görə, bu məsələ qurultayda həll edilə bilər.
Müsavat partiyasının 2018-ci il prezident seçkilərində İsa Qəmbərin namizədliyi məsələsinin VHP-də də təkrarlanma ehtimalı ilə bağlı suala S.Rüstəmxanlı “Başqa partiyanın keçirdiyi qurultayın bizə nə aidiyyatı var?” sualı ilə cavablandırıb. Millət vəkili qeyd edib ki, VHP-nin qurultayında heç bu barədə danışıq olmayacaq: “Prezident seçkilərində iştirak edib-etməmək qurultaya bağlı bir məsələ deyil”.
BƏXTİYAR